"Kəpəz" UEFA-dan aldığı 500 min avroya yaxın məbləği nə edib?

Ardıcıl ikinci il avrokuboklara vəsiqə qazanmağı hədəfləyən "Kəpəz" qış planlarını saf-çürük edib. Qış fasiləsində hazırlıqlarını ölkə daxilində keçirəcək gəncəlilər Bakıda məskunlaşacaq. Qərb təmsilçisi hazırlıq çərçivəsində 4 sınaq matçına çıxacaq. Bu qarşılaşmalar iki gün ərzində baş tutacaq. “Sarı-göylər” yanvarın 17-də saat 11:00-da I divizion təmsilçisi MOİK, 15:00-da Premyer Liqanın autsayderi AZAL-la görüşəcək.

 

Şahin Diniyevin yetirmələri iki gündən sonra daha iki görüşdə qüvvəsini sınayacaq. Saat 11:00-da “Qaradağ Lökbatan”ı sınağa çəkəcək gəncəlilər 15:00-da “Zirə” ilə oynayacaq. Sonuncu matç rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da baş tutacaq. Gəncəlilər eyni gündə keçirəcəyi matçlara iki fərqli heyətlə çıxacaq.


Baş məşqçi Şahin Diniyev komandaya yeni futbolçuların cəlb olunmayacağını bildirib. Təcrübəli çalışdırıcı deyib ki, büdcə transferi bazarına girməyə imkan vermir. O, maddi cəhətdən problemlərin yaranmasına diqqət çəkərək, mövcud heyətlə mövsümü başa vuracaqlarını qeyd edib. Bu, o deməkdi ki, "Kəpəz" maliyyə sıxıntısı çəkir? Bəs UEFA-nın kluba ayırdığı üst-üstə 500 min avroya yaxın vəsaitin aqibəti? Avropa Liqasında iştiraka, uşaq futbolunun inkişafına və milli komandalara futbolçu verməyə görə ödənilən məbləğ hara xərclənir?

 

Sportinfo.az-ın sualını Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu cavablandırdı: "Kəpəz"in maliyyə çətinliyi yaranmayıb. Mövsümün əvvəlində açıqlanan büdcə üzrə işlərimizi qurmuşuq. Bu il üstünlüyü gənclərə vermək istəyirik. Artıq təlim-məşq toplanışına əvəzedici heyətdən bir neçə cavan futbolçu cəlb olunub. Ötən qış bəzi futbolçularla vidalaşdıq, bəzisinin də maaşı azaldıldı.

 

Bunun hesabına komandaya yeni futbolçular aldıq. İndi isə komandadan göndərilən olmayacaq. Şahin Diniyevin açıqlaması səhv anlaşılmamılıdı. O, məhz bunu nəzərdə tutub. UEFA-nın ayırdığı pula gəlincə, bu, hissə-hissə ödənilir. "Kəpəz" həmin vəsaitin müəyyən qədərini qalıb, qalanı isə qarşıdakı müddətdə klubun hesabına köçürüləcək".

Tarix: 11 Yanvar 11:36    Oxunub: 326    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 May 2017
28 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.