"Yeni mövsümdə də hədəfimiz Premyer Liqa olmayacaq"

Ölkə futbolunda uzunmüddətli fasilə olsa da, klublardan gələn xəbərlərin ardı-arası kəsilmir. Söhbət yalnız avrokuboklarda mübarizə aparacaq “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”dən və başqa premyer-liqa iştirakçılardan getmir. Həmçinin sentyabrda mübarizəyə başlayacaq birinci divizion klublarında da hadisələr yüksək sürətlə cərəyan edir. 


Bugünlərdə diqqət mərkəzində olan klub “Ağsu”du. 2012-ci ildə təməli qoyulan aran təmsilçisinin sponsoru “Az-Granata”dı. Yarandığı gündən aşağı dəstənin daimi sakini olan “göy-ağlar” birinci divizionda bir dəfə çempion olub, eyni sayda gümüş medal qazanıb və iki dəfə bürünc medalı boynundan asıb.

 

“Bürünc”lərdən birini Rüfət Quliyevin başçılıq etdiyi bölgə təmsilçisi son mövsümdə qazanıb. Lakin komanda premyer-liqaya vəsiqə qazana bilmədi. Daha doğrusu, uşaq futboluna daha çox diqqət ayıran “Ağsu” rəhbərliyi elitada çıxış etmək istəyi ilə bağlı AFFA-ya müraciət etmədi. 


İndi isə klubla bağlı daha bir maraqlı xəbər yayılıb. “Ağsu”nun nəinki elitada, həm də növbəti mövsüm birinci divizionda çıxış edəcəyi sual altındadı. Sportinfo.az-ın yazdığına görə, “Az-Granata” kluba maliyyə ayırmaqdan imtina edib. Daha doğrusu, şirkət klubun yeni mövsüm üçün büdcəsini azaldıb. Bundan əlavə, komanda üzvləri baza-oteldən çıxarılıb.

 

Bundan sonra binada şirkətin sıravi işçiləri qalacaq. “Ağsu”nun heyətində çıxış edən futbolçular isə rayonda ev kirayələməyə məcbur olacaqlar. Üstəlik, onlara deyilib ki, evlərin kirayə pulunu özləri ödəməli olacaqlar. Həmçinin kollektiv yeni mövsümdən qida ilə də təmin olunmayacaq. “Az-Granata”nın bu qərarı klub rəhbərliyini də çıxılmaz vəziyyətə salıb. Bu üzdən Rüfət Quliyev bəzi futbolçularla yolları ayırmağa məcbur olub.

 

Komandaya yeni futbolçuların cəlb olunması da çətinləşib. Çünki həm ev kirayəsinə, həm də qidaya öz cibindən pul verib, “Ağsu”da oynamaq istəyənlər çox azdı. Çətin ki, komanda bu vəziyyətdə növbəti mövsüm elitaya vəsiqə qazanmaq uğrunda oynasın. Oynasa belə, kənardan futbolçu cəlb edə bilməyəcək və bölgə təmsilçisinin yerli futbolçularla yüksək yerlər uğrunda mübarizə aparacağı inandırıcı deyil. 


Bütün bu məsələlərlə bağlı klubun icraçı direktoru Rəşad Kərimovla əlaqə saxladıq. O, “Az-Granata”nın komandanı otel-bazadan qovmadığını bildirdi (Futbol+): “Bəli, biz “Az-Granata”nın zavodundakı bazada qalırdıq. Orda həmçinin yeməkxanamız var idi. Hər mövsüm komanda toplaşanda həmin bazada yerləşirdi. İndi isə fasilədi. Yəni heç kim bizi ordan qovmayıb.

 

Hər il belə olur, bazanı tərk edirik, uşaqlar istirahətə gedir və yeni mövsümün hazırlıqlarına başlayanda yenidən geri qayıdırıq. Hazırda isə bizim qaldığımız bazada təmir işləri gedir. Yəni ola bilər ki, yeni mövsümdən ordan istifadə etməyək, oranı təhvil verək. Hazırda həmin ərazidə yeni zavod tikilir. Bu üzdən ordan istifadə etməyəcəyik. Həmin yerdə işçilər qalacaq. Lakin bu da hələ tam dəqiq deyil”. 


Rəşad bəyin sözlərinə görə, komanda böyük ehtimalla yeni mövsümdən stadionun yanındakı bazada qalacaq: “Bizim stadionumuz var. Stadionun binasından baza kimi istifadə edə biləcəyik. Bizdə müəyyən şərait var. Birtəhər düzüb-qoşacağıq. Olmasa da, başqa bir şey fikirləşərik. O biri klublar necə qalır? Uşaqların əksəriyyəti kirayədə qalır.

 

Biz də belə edəcəyik. Çətinliyimiz olsa, çox güman, 2 ev tutarıq. Futbolçuların qidalanmasını da təşkil edərik. Sponsor futbolçuların qida xərclərini qarşılayacaq. Hamı yazır ki, qovulmuşuq, uşaqların yemək pulu kəsilib və s. Bizdən reaksiya öyrənmirlər. İlk xəbər klubun rəsmisi kimi mənə gəlir. Yaxşı xəbər də, pis xəbər də. Bir zəng eləsinlər, dəqiqləşdirsinlər”. 

 

Klub rəsmisi deyir ki, futbolçularla vidalaşmalarının səbəbi maliyyə problemi deyil: “Biz bir neçə oyunçu ilə yolları ayırmışıq. Lakin bunun maliyyəyə heç bir aidiyyatı yoxdu. Futbolçuların bir qismi yaş məsələsinə, digərləri isə sırf məşqçilər korpusu razı qalmadığına görə göndərilib. Yaş həddi məsələsi də limitə görədi”. 


Kərimov komandanın növbəti mövsümdə də premyer-liqaya vəsiqə uğrunda mübarizə aparmayacağını bildirdi. Əsas hədəf yenə uşaq futbolunun inkişafı olacaq: “Komanda hazırda istirahətdədi. Yəqin ki, iyulun ortalarında bir araya gəlib, növbəti mövsümün hazırlıqlarına başlayacağıq. Yeni mövsümdə də həfdəfimiz premyer-liqa olmayacaq. Əsas diqqəti uşaq futbolunun inkişafına, Ağsuda və ümumiyyətlə, bu bölgədə uşaq futbolunun inkişafına ayırmışıq. Düzdü, birinci divizionda yüksək yerlər uğrunda mübarizə aparacağıq”.

 

Tarix: 19 İyun 12:36    Oxunub: 1460    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Avqust 2017
15 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.