"Zaqatala"nın prezidenti Musa Qurbanov: "Yenə qarantiya yoxdu ki…"

"Komandamız gələn mövsüm divizionda çıxış edəcək. Bu, dəqiqdi. Hansı səviyyədə olacaq? Bax, hələlik dəqiq olmayan budu" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib. 


Bank zəmanəti verə bilmədiyi üçün bu il Premyer Liqaya buraxılmayan I Divizion klubunun rəhbəri növbəti mövsümlə bağlı planların hələ konkretləşmədiyini bildirib: "Bugünlərdə Zaqatalaya yollanıb, bəzi məsələlərə aydınlıq gətirəcəm.

 

Bilirəm ki, azarkeşlərimiz komandanın ancaq yerli futbolçulardan təşkil olunmasını istəyir. Fikrim yaşlı, ağsaqqal azarkeşlərlə görüşüb, onların da nə düşündüyünü dinləməkdi. İki yol var. Birincisi, yaş limitinə görə bu il 94-95-ci il təvəllüdlü gəncləri oynada bilmərik. Gərək 96-97-ci illər oynasın.

 

Zaqatalanın özündə limitə uyğun uşaqlar yoxdu. Məcburuq yenə başqa yerlərdən, Bakıdan dəvət edək. Onlar da gəlsə, gərək 10-dan artıq zaqatalalı uşağı komandadan göndərək. Ümumi vəziyyəti bilirsiz, hər yerdə çətinlikdi. O uşaqlar az-çox maaş alır, ailələrini birtəhər dolandırır. Axırıncı çempionatda komandadan ötrü çox əziyyət çəkiblər, insafdan olmaz onlara "get" demək.

 

Bu da var ki, "Zaqatala" yalnız yerli uşaqlardan qurulsa, nəticələr zəifləyəcək. Mən azarkeşlərin rəyi ilə maraqlanacam ki, görən, belə vəziyyətdə bizə dəstək verəcəklər, yoxsa narazı qalacaqlar? 20 gündü özüm qalmışam belə, nə qədər fikirləşsəm də, bir qənaətə gələ bilmirəm. Başlayaq komandanı gücləndirək, mövsümün axırında isə sponsor tapa bilməyək, bank zəmanəti ala bilməyək, AFFA da bizi Premyer Liqaya buraxmasın - mən bu şeydən də çəkinirəm.

 

Əsas maliyyədi, sponsor tapmaqdı, o da yoxdu. Bunsuz divizionda yaxşı nəticə də göstərsən, yenə qarantiya yoxdu ki, Premyer Liqaya çıxacaqsan. Bu kimi bəzi qaranlıq məqamlar çoxdu, ona görə də bir az gözləməyimiz lazımdı. Adətən, çempionat avqustun axırı, sentyabrın əvvəli başlayır. İyulun 20-dən komandanı bir araya gətirsək, qalan vaxtda normal hazırlıq keçə bilərik. Kifayət qədər vaxt qalıb. Onadək baş məşqçi məsələsinə nöqtə qoyarıq. Hələ namizədimiz yoxdu, heç kimlə danışmamışıq".

Tarix: 18 İyun 14:00    Oxunub: 550    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.