"Rövşən Lənkəranski"nin yaxın dostu olan "qanuni oğru"nu "Neftçi"yə kim aparrmaq istəyib?

Kriminal aləmdə "Hacı Beyləqanski" kimi tanınan "qanuni oğru" Hacıbaba Talıbxanlı bir müddət əvvəl Türkiyədə azadlığa buraxılıb. Rövşən Canıyevin "sağ əli" sayılan Hacı lnun qətlində şübhəli bilinərək, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. H.Beyləqanski son illər R.Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunurdu. İndi isə Dubayda yerləşdiyi barədə mətbuatda məlumatlar yayılır.
"Qanuni oğru"nun keçmişi futbola bağlıdı.

 

Sportinfo.az-da bununla bağlı bir neçə xəbər gedib. Qısaca xatırladaq ki, o, Vaqif Paşayevin yaratdığı və çalışdırdığı "Real"ın formasını geyinib. Eyni zamanda, 16 yaşlılardan ibarət yığmanın şərəfini qoruyub. Daha sonra "Neftçi"yə keçəcəyi gözlənilsə də, birdən-birə Azərbaycanı tərk etməsi həyatının qalan hissəsini dəyişib. Hacı barədə ətraflı məlumatları Vaqif bəydən aldıq. Azərbaycanın ən yaxşı və dəyərli uşaq məşqçilərindən olan Paşayev hazırda kriminal aləmdə böyük nüfuza malik yetirməsi haqda maraqlı faktlar açıqladı: 


"Hacını uşaqlıq illərindən tanıyıram. 10 yaşında mənim komandama gəlib, 17 yaşadək oynayıb. Çox istedadlı futbolçu idi. Karyerasını davam etdirsəydi, bu gün Azərbaycanın ən güclü 3 futbolçusundan biri idi. Yadıma gəlir, bir dəfə rezin meydançada məşq edirdik. İkitərəfli oyuna başlayanda, gördüm ki, "Neftçi" də burdadı, meydançanın kənarına düzülüb, bizə baxırlar.

 

Künc zərbəsindən sonra Hacı yerindən 2 metr yuxarı tullanıb, topu qayçıvari zərbəylə müdafiəçilərin başı üzərindən qapıya vurdu. Super qola Kazbek Tuayevə də mat-məəttəl qaldı. Yaxınlaşıb məndən soruşdu ki, bu uşağı hardan tapmısan? Dedim, "Real"ın yetirməsidi. Hacıdan çox xoşunun gəldiyini, "Neftçi"yə aparmaq istədiyini dedi. Dedi ki, heç mənim komandamda belə istedadlı uşaq yoxdu, gördüklərimə inana bilmirəm. Hacının onda heç 17 yaşı yox idi. Amma öz yaşıdları arasında Azərbaycan çempionatında "sökürd".

 

O, Şirxan və Dadaş əvəzolunmaz idi. Bu trio bütün komandalara qol vururdu. Təəssüf ki, heç biri futbolun arxasınca getmədi. Şirxanın ürəyində problem aşkarlandı. Dadaşı atası başqa işə apardı, sürücü işlədi. Hacı isə Rusiyaya - valideynlərinin yanına yollandı. Mən ona çox dedim ki, fikrini ver futbola, səndən gələcəkdə böyük futbolçu olacaq. Axır vaxtlar fikir verirdim ki, diqqəti başqa yerdədi. Cavan oğlan idi də…

 

Onun atası Şəmkirdə araq zavodunun direktoru olub. İmkanları həmişə yaxşı olub. Piterdə yaşayırdılar. Ağlıma da gəlməzdi ki, Hacı bir gün "qanuni oğru" yolunu gedər. Kriminal aləmdə olduğunu yaxınlarda bilmişəm. Düzdü, ara-sıra mənə deyirdilər ki, yetirmən Piterdə "palajeniya"ya baxır. Yenə də inanmırdım. Çünki çox sakit uşaq idi, təhsil almağa meyl göstərirdi. Neçə il məndə futbol oynadı, yalnız bir dəfə çılğın hərəkət elədiyini gördüm.

 

İdman Akademiyasının stadionunda "Şərur"la yoxlama oyunu keçirirdik, epizodların birində rəqiblə Hacının sözü çəp gəldi. Hacı üstünə getdi, güclə araladılar onları. Hakim qırmızı vərəqə göstərdi, mən də Hacını kənara çəkib, xeyli danladım. Dedim, bilirəm, valideynlərin burda yoxdu, bir az aqressiv olmusan, amma bir də belə eləmə. Başını saldı aşağı, gördüm, ağlayır. "Şərur"un prezidenti Yunus Məmmədov da o yandan deyirdi ki, futboluçumu vurduğuna görə səni polisə verəcəm.

 

Heyf, Hacı tez soyudu futboldan. Karyerasını davam etdirsəydi, bu dəqiqə millinin 3 futbolçusundan biri olmuşdu. Qol duyumu yüksək idi. İndiki hücumçular Hacının heç atılan dırnağı ola bilməz. Nə qollar vururdu… Hər iki ayağı "işləyirdi". Başla gözəl oynayırdı. Onu sonuncu dəfə 10 il qabaq görmüşəm. Həmin vaxt evdə idim, Rəşad Sadıqov zəng elədi ki, Vaqif müəllim oturmuşuq "Giləvar"da, sizi gözləyirik. İkinci mərtəbəyə qalxanda gördüm ki, Hacı və Namiq adlı başqa yetirməm də burdadı.

 

Oturub bir tikə çörək yedik, ötən günləri xatırladıq. Uşağım xəstə idi deyə, evə tez qayıtmalı oldum. Hacı mən U-16 ilə Gürcüstana aparmışam. Təlim-məşq toplanışında bir neçə yoxlama oyunu keçirdik, hamısında qol vurdu. Məndən sonra Şahin Diniyev gəldi milliyə, Hacını da, "Real"ın digər 5 futbolçusunu da çağırmadı yığmaya. Vaqif Sadıqovun sözüylə belə etdi. Çünki mən Vaqifin bacısıoğlu Samir Əbdürrəhmanovu milliyə götürməmişdim. Axı zəif idi o birilərdən. Vaqif düşdü acığa, dedi, sən bir də millidə işləməyəcəksən. Elə də oldu".

 

SPORTİNFO.AZ

Tarix: 10 Yanvar 20:24    Oxunub: 1280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.