Bakı pivəsi britaniyalı fanatları məftun edib

Şənbə günü keçirilən Azərbaycan – Şimali İrlandiya matçını izləyənlər arasında yetərincə qonaq azarkeşə rast gəlmək mümkün idi. Adətən, britaniyalıların soyuqqanlı, daha mühafizəkar olduğunu görmüşük. Ancaq eyni fikirləri adalılara şamil etmək olmaz. Maykl O’Nilin yetirmələrini dəstəkləmək üçün Bakıya təşrif buyuran adalılar oyunun başlamasına bir saatdan da çox qalmasına baxmayaraq, “Tofiq Bəhramov”dakı kafeləri zəbt edərək, pivə içə-içə danışıb-gülür, öz aralarında zarafatlar edirdilər.

 

Şimali İrlandiyanın formasını geyən fanatların bəziləri üzlərinə hər iki ölkənin bayraqlarını çəkmişdilər ki, bu da kənardan çox xoş görünürdü. Fürsətdən istifadə edib təxminən 10-12 nəfərdən ibarət qrupa yaxınlaşıb söhbətləşmək istədiyimi bildirdim. Aralarında həm gənc, həm də yaşlı fanatlar var idi. Qonaqlar böyük məmnuniyyətlə suallarımı cavablayacaqlarını bildirdilər. İlk həmsöhbətim 32 yaşlı Ton Konus oldu. 


- Azərbaycanı çox bəyəndim. Bakı əsl Avropa şəhəridi. İki gündü burdayam və açığı, paytaxtınızın belə gözəl olacağını təsəvvür etmirdim. İnsanlarına isə söz ola bilməz. Çox mehriban və gülərüz xalqsız. Yığmanın azarkeşi olduğumdan, onun səfər oyunlarını canlı izləmək, milliyə dəstək olmaq üçün Avropanın bir çox ölkələrinə səyahət etmişəm. Tam səmimi deyriəm ki, bəyəndiyim şəhərlər arasında Bakı “üçlük”dədi (Futbol+).


Aranızda Bakıda yaşayan var, yoxsa hamınız Şimali İrlandiyadan gəlmisiz?
- Bizim qrupumuzda yer alanların hamısı Şimali İrlandiyadan məhz bu oyun üçün Azərbaycana gəlib. Ancaq Bakıda yaşayan irlandiyalılar da az deyil. Onlar sizin ölkənizdə müxtəlif şirkətlərdə çalışırlar. Bakıda yaşayan həmvətənlərimiz də O’Nilin komandasına dəstək olmaq üçün stadiona gəliblər.
 

Bu oyunla bağlı proqnozlarını bilmək istərdim.
- Məncə, oyun 2:0 olacaq və millimiz Bakıdan 3 xalla geri dönəcək.


Şimali İrlandiyanın qələbə qazanacağına çox əminsən. Ancaq unutma ki, bir dəfə millinizi Bakıdan əliboş yola salmışıq.
- Həmin oyuna gələ bilməsəm də, onu yaxşı xatırlayıram. Ancaq Belfastda baş tutan ilk görüş məndə belə fikir formalaşdırıb ki, bu dəfə də qalibiyyət bizim olacaq.


Azərbaycan futbolu haqda hansı fikirdəsən? 
- Açığı, elə də geniş bilgiyə malik deyiləm. Ancaq bilirəm ki, beynəlxalq səviyyədə klublarınız yığmanızdan daha yaxşı nəticələrə imza atıblar. Lakin Prosineçkinin də komandası zəif deyil. Bizdə isə əksinədi. Klublarımız avrokuboklarda zəif olsalar da, O’Nilin komandası azarkeşləri sevindirir. Milli Fransadakı Avropa çempionatından sonra gələn il Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmağa yaxındı.


İnşaat mühəndisi olan 48 yaşlı Maykl Tompson isə qarşılamanın heç-heçə başa çatacağını proqnozlaşdırdığını bildirdi.
 

Yığmanın bütün səfər oyunlarına gedirsiz?
- Böyük bir tikinti şirkətində çalışdığımdan bu heç də hər dəfə mümkün olmur. İldə bir və ya iki dəfə səfərə çıxa bilirəm. Ancaq Belfastda yaşadığımdan yığmanın bütün ev oyunlarını tribunadan izləyirəm. Uşaq yaşlarımdan millimizə azarkeşlik edirəm. Belfastın şimalında kiçik bir qəsəbədə yaşayıram. Bizim orda gözəl barımız var. Hər axşam dostlarla pivə içə-içə həm Şimali İrlandiya, həm də dünya futbolunu müzakirə edir, oyunlara baxırıq.
 

Gördüyüm qədər futbol qədər pivəni də çox sevirsiz. Bakı pivəsini bəyəndiz?
- Çox dadlıdı. Bizim pivələrin dadı bir başqadı. Ancaq sizinkilər bir qədər yumşaqdı ki, bu da ürəyimcədi. Əslində biz irlandlar daha çox tünd içkiləri sevirik. Misal üçün viski, rom. Ancaq burda yaşayan irlandlar mənə deyiblər ki, siz daha çox rus arağına üstünlük verirsiz.
 

Millidən başqa hansı kluba azarkeşlik edirsiz?
- Corc Besti tanıyırsız?


Bəli, “Mançester Yunayted”in əfsanəsi olub.
- O nəinki “Mançester Yunayted”in, Şimali İrlandiyanın əfsanəsidi. Gözümü açandan onu sevmişik, ona fanatlıq etmişik. Məhz Bestə görə də “qırmızı şeytanlar”ı seçmişəm və onları dəstəkləyirəm. Bəzən imkan tapanda həftəsonları Mançesterə yollanıb, komandanın oyununu canlı izləyirəm.

Tarix: 18 İyun 00:34    Oxunub: 419    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.