Dəvənin quyruğu və ya “Neftçi”nin ol(may)an iddiası

Deyirlər, “Neftçi” qış fasiləsindən sonra əjdahaya dönəcək. Ac canavar kimi rəqibləri tək-tək parçalayacaq. Siçan kimi yuvasında gizlənib, dovşan kimi gedənə daş, gələnə baş atmayacaq. Çox hörmətli Elxan bəy Abdullayev tısbağa kimi sürünməyəcklərini iddia edir. İddialara inansaq, incəsənət xadimlərinin rəhbərlik Azərbaycanın ən köklü klubu uğursuzluq “virusu”nun kökünü məhz fevraldan kəsəcək. Güclü vaksin tapıblar.

 

Qabağına çıxana boynunu bükən “Neftçi”nin dərdinin dərmanını uzaq Çində axtarırlar, hələlik elmə məlum olmayan elə bir tibbi və ya türkəçarə üsul yoxdu ki, “ağ-qaralar”ı ağ günə çıxarsın. Abdullayev Hippokrataın heykəlinə baş əyib, vəd verib ki, 2017-ci ilin fevralından başlayaraq ortaya tamam kamal, iddiası divar dələn “Neftçi” qoyacaq.

 

Və Elxan müəllim bu yöndə çalışmalarına gecə-gündüz ara vermir. Yuxusuna haram qatan urusdilli bəyzadə hamam suyundan özünə dost tutmaq fikrində deyil. Konkret iş görür. Baxın, qısa müddətdə Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprext ("Slovan", Çexiya - icarə), İqnasio Herrera ("İrtış", Pavlodar), Kirill Petrov ("Olimpik" Donetsk, Ukrayna) və Pavel Dreksanı ("Karvina", Çexiya) rənglərinə bağlayıb, hələ daha 2-3 nəfərə “yaşıl işıq” yandıracaqlar.

 

Vəssalam, şüttamam! Bununla da “Neftçi” büsbütün dəyişib autsayder əbasından çıxacaq, kuboku qazanmağa, Premyer Liqada isə birbaşa medallara oynayacaq. Adları çəkilən futbolçuların komandaya uyğunlaşmaları üçün vaxta gərək qalmayacaq. Ehtimal böyükdü, Elxan Abdullayev soyad adaşı Əsgər bəylə təcili təmasa girib ondan xahiş edəcək ki, yeni gələnlərə elə bir dua yazdırsın, “Neftçi”yə yatdıqları yerdə adaptasiya olsunlar. Nə qədər olmasa da, ikinci Abdullayev bu cadu-piti məsələlərində işin enini-uzununu çoxdan bilənlərdəndi.

 

Hələlik milli komandada da havayı yerdən cibini dolduran Elxan bəy “Neftçi”ni avrokuboklara çıxaracaq, öz iddiasıdı. Buna özünü sidq ürəklə inandırıb. Əvvəl işlədiyi yerlərdə rəhbərlərin gözü götürməyən, düzgün işlədiyinə görə torbası tikilən,  məşqçi bütün arzu və istəklərində “ağ-qara” formada nail olub əbədi ağ günə çıxacaq.

 

Mübarəkdi, mübarək!
Yaşayaq, biz də görək!

 

Elvin ƏHƏD

Tarix: 10 Yanvar 19:24    Oxunub: 496    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.