Planları alt-üst olan baş məşqçi: "Ürəyimə dammışdı ki, bu klub dağılacaq"

"Bu xəbəri eşidəndən bəri özümə gələ bilmirəm. Çox pis oldum. Bilmirəm bəxtimdən gileylənim, ya neyləyim. İndi nə addım atacağımı fikirləşirəm" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Gəncliy"in baş məşqçisi Müşviq Qənbərov deyib.


İki həftə öncə fəaliyyətə başlayan "Gənclik" sponsorlarından şok xəbər alıb.Yeni yaranan klubun himayədarları I Divizionun növbəti mövsümündə iştirakdan imtina edib. Gözlənilməz qərarın səbəbi açıqlanmır. Ancaq "Gəncliy"in həvəskarlar liqasında mübarizə aparması istisna olunmur.


Qənbərovun bildirdiyinə görə, bütün planlar bir günün içində alt-üst olub: "Bir-iki gün qabaq nəsə ürəyimə dammışdı. Düzdü, klubu himayəsinə götürən rəhbər şəxslərlə yenə görüşmüşdük, onlar mənə hər şeyin yaxşı olacağını vəd etmişdilər. Aylıq büdcəni artırıb, 25 min manat eləmişdilər.

 

Bizi tələsdirirdilər ki, məşqlərə başlayaq, sonra təlim-məşq toplanışına – Qəbələyə gedək. Alanya ilə danışılmışdı, hazırlıq prosesinin son mərhələsi Türkiyədə olmalıydı. Artıq Çindən formalar, geyim dəstləri sifariş olunmuşdu. Demişdilər ki, planlarımız böyükdü, gənc komanda formalaşdırmaq lazımdı. Bu il təcrübə toplayıb, növbəti ildən medallar uğrunda mübarizə aparmalıydıq. Belə götürəndə, mənə çox vəd vermişdilər.

 

Maliyyə problemi yox idi. Mən klubun buna görə çempionatda iştirakdan imtina etməsinə inanmıram. Son bir-gündəki işlərin gedişindən hiss eləmişdim ki, nələrsə baş verir. Klubun olmayacağını da mənə zəng vurub demədilər. Ortaq dostlardan biriylə danışıb, onun vasitəsilə məndən üzr istədilər. Səbəbini demirlər. Neçə gün idi gecəm-gündüzüm yox idi. Komandanı demək olar yığmışdım. İnzibatçısına. Həkiminə, masajistinə kimi. 20-dən artıq futbolçuyla görüşüb danışmışdım, razılığını almışdım.

 

Əlli yerə maşın sürmüşəm, komandanın işləriylə məşğul olmuşam. İndi birdən-birə belə qərar vermələri… Heç bilmirəm nə deyim. Mən çətinlikdən, işdən heç vaxt qorxmamışam. İşsizlikdən də qorxmuram. Bu gün Tərlan Əhmədov, Ramiz Məmmədov kimi təcrübəli və dəyərli mütəxəssislər işləmir. Yeganə variantım səbrdi. Hər şey hazır idi, çəkdiyim bu əziyyətə heyfim gəlir.

 

Nə fikirlərlə, nə arzularla bu komandanı götürmüşdüm... Onunla təsəlli tapıram ki, hər pis işdə bir xeyir var. Məsləhətlisi… Ruzuni yetirən Allahdı, biz də həmişə onun ipindən yapışmışıq. Xavan məşqçiyəm, bundan əvvəl "Rəvan"da, MOİK-də, AZAL-da işləmişəm. Niyə ancaq mənim başıma belə işlər gəlir, bilmirəm. Burda adamın adı hallanır axı.

 

Həssas adamam, hər şeyi ürəyimə salıram. Yaxşı ki, başqa klublarla müqaviləsi olan futbolçuları bura çağırmamışam. "Gəncliy"ə hazırda klubsuz olan, ancaq futbolda öz sözünü demək istəyən uşaqları yığmışdım. İndi jurnalistlər, futbol adamları bir-bir zəng vurub, niyə klubun belə olduğunu maraqlanacaq. Hər dəfə bunu məndən soruşanda, bu ağır hissləri təkrar-təkrar yaşayacam. "Sumqayıt" və "Səbail"dən zəng vurub, bizimlə yoxlama oyunu keçirmək istədiklərini demişdilər. Təəssüf, yaxşı komandamız olacaqdı. Birinci ildəcə hamı divizionda "Gəncliy"in oyunundan, qazandığı qələbələrdən danışacaqdı. Sanki "qara zolağ"a düşmüşəm".

Tarix: 17 İyun 10:12    Oxunub: 2115    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.