Təmkin və İlqar haqda: "Onu komandaya götürməklə səhv etdim"

“Baku Fayr” futzal çempionatının iddialı komandalarından biridi. İnsafən, rəhbərliyi də futzala can yandıran insanlardı. İstər birinci, istərsə də ikinci liqaya komanda buraxıblar. Son mövsümdə həm çempionata, həm də kuboka rəng qatdılar. Xüsusilə “ikinci cəbhə”də finala qədər irəliləməsi sürpriz oldu.

 

Hər iki yarışı əliboş başa vurmalarının səbəbini baş məşqçiləri Teymur Eyvazovdan yaxşı heç kim bilə bilməz. Həmin mütəxəssis ki, Futzal Federasiyası tərəfindən “mövsümün ən yaxşı məşqçisi” elan olunaraq, mükafatlandırıldı. Bəribaşdan qeyd edək ki, Eyvazov qəzetimizə müsahibəsində çarpıcı açıqlamalarla diqqəti çəkdi (Futbol+). 


Mövsümün xeyli hissəsini lider, son turlarda potensial lider kimi keçirsəz də, finişdəki iki oyunu uduzmaqla çempionluqdan məhrum olduz. Sonluq niyə uğursuz alındı? Yoxsa arxayınlıq yaranmışdı?
- Qətiyyən. Səbəb kimi arxayınlığı göstərmək yanlış olar. Sadəcə, yorğunluq var idi. Ağır oyunlardan çıxmışdıq. Ölkə kubokunda finala qədər irəliləməyimizi nəzərdə tuturam. Çempionatdakı son iki oyunu udub istədiyimizi əldə edəcəkdik. Ancaq bacarmadıq, gücümüz çatmadı. Finişin biraddımlığında büdrədik.

 

İki turnirdən birində iştirak etsəydiz, bəlkə də nəticə qazanmaq mümkün idi. Amma sonda hər iki “cəbhə”də titulsuz qaldız. Etiraf edirsiz ki, hər iki “cəbhə”də mübarizə aparmaq səhv idi? Peşmansız? 
- Səhv niyə? Hər iki yarışda iddiamızı ortaya qoyduq, sona qədər irəlilədik. Maksimum bacarığımızı ortaya qoyduq. Peşman olduğum başqa şeylər var.

 

Nəyi nəzərdə tutursuz?
- İlqar Abdulovu komandaya götürməklə səhv etdim. Sonda bizi pis vəziyyətdə qoydu. Oyunlara hazır gəlmədi. Uğursuzluğumuzda başlıca səbəb budu.
 

Onu heyətdən uzaqlaşdırmısız?
- Abdulov “Hell Enerji” ilə qarşılaşmaya gecikmişdi və tam hazır deyildi. Oyundan əvvəlki məşqdə də iştirak etmədiyi üçün belə qərara gəldim ki, qapıda ikinci qapıçımız Hüseynağa Hüseynov dursun. “Hell Enerji” ilə oyundan sonra Abdulovu komandadan uzaqlaşdırdıq.
 

“Nəbi”nin çempion olması sizdə qıcıq yaratmadı? Onların “Zirə”nin futbolçusu Təmkin Xəlilzadənin xidmətindən yararlanması “feyr-pley”ə ziddi? 
- Onların Təmkini oynatmasına yaxşı baxmıram və bunu idman prinsiplərinə zidd addım sayıram. O, “Standard”la oyunda meydana çıxdı və demək olar, matçın taleyini təkbaşına həll etdi. Deyirlər ki, “Standard”la görüş həlledici olmadı. Halbuki “Nəbi” ölkə kubokunda da bu komandayla qarşılaşmış və uduzaraq mübarizəni dayandırmışdı. Onlar çətinliklə qarşılaşacaqlarını bilirdilər və təhlükəni hiss etdiklərinə görə işlərini ehtiyatlı görmüşdülər.

 

“Nəbi”nin həm də sizin rəqiblərinizi stimullaşdırdığı deyilir.
- Bu barədə də faktlar var. Açığı, mən bir dəfə təsadüfən tribunada “Nəbi”nin rəhbərlərindən Şahin Məmmədovu gördüm və ona sual verdim ki, niyə bizim rəqibləri stimullaşdırır, onlara pul verirsiz? Dedi “kim bu sözü deyibsə, gəlib mənim yanımda da bildirsin”. Yəni bir növ boynuna almadı. Halbuki sonradan klubun digər rəhbər şəxsi Tofiq Şahmuradov saytların birinə verdiyi açıqlamada etiraf etdi ki, belə şey baş verib və buna normal yanaşdığını, stimullaşdırma praktikasının bütün dünyada olduğunu dilə gətirdi. İki rəhbər şəxsin fikirlərinin bir-birini döydüyünə şahid oldum. 
 

Federasiya sizi mövsümün ən yaxşı məşqçisi elan edib. Halbuki hər iki “cəbhə”də mükafat qazana bilmədiz. Özünüzü “ən yaxşı məşqçi” adına layiq görürsüz?
- Sözsüz ki, hər bir məşqçi kimi mən də özümə inanıram. Özümü bu mükafata layiq bilirəm. Ola bilər, komandam hər iki turnirdə əliboş qaldı. Amma elə bu fakt, yəni həm çempionatda, həm də kubokda finala qədər irəliləməyimiz, ikinci “cəbhə”də hətta yüksək liqa təmsilçilərinə boy göstərməyimiz mühümdü. O mükafatı mənə verən şəxslərə müraciət etsəz, səbəbini daha yaxşı izah edərlər. Amma yenə də özümü heç kimdən zəif saymıram. İnanmıram ki, federasiya rəhbərliyi məni təsəlli etmək üçün o mükafatı təqdim ediblər. Neçə ildi “Baku Fayr”ın məşqçisiyəm, gördüyüm işlər göz qabağındadı. 

Tarix: 13 İyun 00:34    Oxunub: 1000    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.