"Təmkin qəlyan çəkməyib, avaralıq etməyib, futbol oynayıb da…"

Təmkin Xəlilzadə son illərdə Azərbaycan futbolunda yetişən istedadlı gənclərdəndi. Son iki mövsümü “Zirə”də keçirən yarımmüdafəçi üçün 2016/17 ən uğurlu il oldu. O, məhz başa çatan çempionatda daha çox oyun keçirdi və Premyer Liqada ilk qollarını vurdu. Məhsuldarlığının aşağı olması daha çox müdafiədə oynamaq tapşırığı alması ilə əlaqədardı.

 

Buna baxmayaraq, “Zirə”nin əsas oyunçularından olan Təmkin “Futbol+”in hər turdan sonra açıqladığı “rəmzi komanda”sına 6 dəfə düşüb və bu baxımdan, qəsəbə təmsilçisinin lideridi. O, mövsümün rəmzi “11-liy”inə düşməsiylə də fəxr edə bilər. Təmkin həmçinin, futzal həvəskarıdı. Tez-tez özünü parketdə də sınayır. Hələ ötən mövsüm “Zirə”də oynaya-oynaya futzal üzrə birinci divizionda çıxış edən “Qatar”a kömək etməsiylə gündəmə gəlmişdi

 

Bu dəfə isə adı “Nəbi”ylə yanaşı hallanır. Xəlilzadə çempionun oyunlarında görünüb. Təbii ki, bu məqam xoşagələn deyil. Peşəkar futbolçunun özündən qat-qat zəiflərə, yarımhəvəskar oyunçulara gücünü göstərməsi, öz aləmində onlarla “məzələnməsi” ən azı etik cəhətdən düzgün deyil, kənardan ikrah doğurur. Xəlilzadə “Nəbi”yə 1 oyunda - 30-cu turda “Standard”la baş tutan oyunda kömək edib. Həmin tur isə mayın ilk həftəsonuna təsadüf edib. “Standard” o ərəfədə turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

 

Maraqlıdı ki, mövsümü 2-ci pillədə başa vuran “Baku Fayr”ın həmin turda ADBTİA ilə görüşü təxirə salınıb. Mayın 3-də kubok oyununa çıxan “Bakı alovu” çempionat oyununun başqa vaxta keçirilməsi üçün federasiyaya müraciət edib və müsbət cavab alıb. “Nəbi” isə “Standard”ı 9:4 hesabıyla yenərək, liderliyi ələ alıb. Bəs “Zirə” buna necə şərait yaradıb? Futzal Federasiyasının günahı varmı? Əsasnamə nə deyir?

 

Əvvəlcə “Nəbi”yə müraciət edib Təmkinin onların heyətində oynayıb-oynamadığının etirafını aldıq. Əslində, qulağa inandırıcı gəlirdi. Çünki qeyd etdiyimiz kimi, yarımmüdafiəçi keçən il “Qatar”da bir neçə oyunda görünmüşdü. Həmin komandanın baş məşqçisi olmuş Şahin Məmmədov hazırda “Nəbi”nin direktorudu.

 

Başqa sözlə, Təmkin onun kadrıdı. Şahin bəy futbolçuyla yaxınlığını inkar etmədi: “Təmkin bizim uşaqdı. Mən başa düşmürəm, onun bizdə bir oyunda iştirak etməsi kimi narahat edir? Qadağa yoxdu, reqlamenti pozmamışıq. Təmkin boş vaxtında gedib qəlyan çəkməyib, avaralıq etməyib, futbol oynayıb da. Bizə “Standard”la oyunda kömək edib. Onu xüsusi dəvət etməmişdik.

 

“Baku Fayr”la və ya ilk “üçlük”də, “beşlik”də qərarlaşan komandayla oyunda iştirak etsəydi, iddiaları hardasa başa düşmək olardı. Qəbul etmək olardı ki, komandamızı çempionluğa daşıyıb. “Standard”ı onsuz yenə bilməzdik ki? Digər tərəfdən, Təmkin bizə gələndə azad agent idi”.

 

Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov da peşəkar futbolçunun futzal çempionatında iştirakında problem olmadığını deyir. Təki bir şərtə əməl olunsun: “Məsələdən xəbərim var. Təmkin Xəlilzadə hətta hansısa klubun üzvü ola-ola divizionda oynaya bilərdi. Yalnız bir şərtlə: əsasnamədə göstərilib ki, hansısa futbolçu müqaviləylə məxsus olduğu klubdan razılıq məktubu təqdim edəcəyi halda, divizionda çıxış edə bilər.

 

“Nəbi” Təmkinin oynaması üçün müraciət edəndə onun azad agent olduğunu bildirdilər. Topaz Premyer Liqası başa çatmışdı və futbolçunun sənədində onun anlaşmasının mövsümün sonunda başa çatdığı qeyd olunmuşdu. Ona görə də razılıq məktubu tələb etmədik. Ancaq bir neçə gün sonra öyrəndik ki, o “Zİrə” ilə müqaviləsini uzatmaq üçün danışıqlara başlayıb. Buna görə Xəlilzadənin növbəti oyunlarda iştirakına icazə vermədik”. 


Deməli, “Zirə”ni qınaya bilərik. Futbolçusu zədələnə bilərdi ki, belədə ən böyük zərbə avrokuboklarda çıxış edəcək kluba dəyəcəkdi. Baş məşqçi Ayxan Abbasov artıq Təmkinə xəbərdarlıq etdiyini deyir: “Futbolçumuzun futzal çempionatında oynadığını çoxdan bilirəm. Məsələ burasındadı ki, Təmkinin müqaviləsinin müddəti başa çatmışdı.

 

Çempionatdan sonra futbolçulara iki həftəlik istirahət vermişdim. O da həmin vaxt futzal oynayıb. Ola bilsin, stresini atmaq üçün gedib ora. İstənilən halda onunla söhbətimiz olub. Müqavilənin müddətini artırandan sonra şərtlərimi bir daha ona anlatdım. Gedib oynaya, zədə ala bilər. Bu isə həm ona, həm də kluba zərbə olar. Belədə məsuliyyət ən çox onun üzərində olacaq. O, artıq öhdəliyini anlayıb”. 

 

Məqalə bu gün "Futbol+" qəzetində işıqüzü görüb. Təmkin – "Nəbi" mövzusunu mətbuatın gündəminə bir neçə gün əvvəl Sportinfo.az gətirib. Bu haqda bildiklərimizi qələmə almışıq və "Zirə" rəhbərliyini, futbolçunun özünü diqqətli olmağa səsləmişik. Açıq ürəklə, səmimi arzu-diləklə Rəşad Sadıqova yol göstərmişik, məşvərətçiliyini etdiyi komandanın daxili işlərinə cinri yanaşmağını məsləhət görmüşdük.

 

Dəyərli həmkarımız Mirağa Mirzəyevin qələmə aldığı bu yazıyla işimiz yox, müsahibləri nə söyləyib, onu da yazıb. Onlardan baş katib Mahmud Sadıqov iddia edib ki, Futzal Federasiyası və “Nəbi” qaydalara zidd hərəkət etməyib. Hamının, elə federasiyanın prezidenti Zaur Axundovun da bilməsini istərdik ki, "Nəbi"nin arxasında M.Sadıqovun özü dayanıb. Komandanı yeni ildən sonra baş katib himayəsi altına alıb, bir çox problemlərini həll edib. O, belə danışmalıdı, kostyumunu təmizə çıxarmalıdı da…

 

İldə yolunu 1 dəfə arenadan salan istənilən kəs görə bilər ki, Sadıqov işinin necə "sənətkar"ıdı. Konkret "bazarkom"du. Təşkilatçılıq bacarığı yoxdu, Axundov hər şeyi ona etibar eləsə də, sonrasıyla maraqlanmır. Gəlib birinci və ikinci dəstədə nə biabırçılıqların, hoqqaların, reqlament pozuntularının olmasını görsə, Sadıqova həmin gün istefa ərizəsi yazdırar. Huri-mələk cildinə girən baş katib doğru danışmır: o, digər komandaların şikayətindən sonra Təmkin Xəlilzadəni "Nəbi"dən kənarlaşdırmaq məcburiyyətində qalıb. Niyə bunu demir?

 

Son günlər "Nəbi"nin adından bəzi şəxslər sosial şəbəkədə saytımızın əleyhinə kampaniya aparır, ağızlarına və ağıllarına gələni yazır. Milçək bir şey deyil, amma ürək bulandırır. Sadıqova burdan səslənirik: qulbeçələrinin əl-ayağını yığışdır, Axundovun kölgəsinə sığınıb, bunu öz kölgən bilmə…

 

SPORTİNFO.AZ

Tarix: 6 İyun 17:24    Oxunub: 408    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.