Millimizdə fikir ayrılığı: Onu həmyerliləri burda görmək istəmir

İlk baxışdan elə görünə bilər ki, futzal millimizin baş məşqçi məsələsi aktual deyil. Əvvəla, Avropa çempionatının final mərhələsi 2018-ci ilin yanvar-fevral aylarında Sloveniyada baş tutacaq. Yəni məsul yarışa hələ 8 ay vaxt var. Düzdü, bu ilin sentyabrında da oyunlar olacaq.

 

Qitə çempionatının həlledici mərhələsinə son 4 vəsiqə sahibinin adı payızda bəlli olacaq. Ancaq millimiz final mərhələsinə birbaşa vəsiqə qazandığından pley-offdan azaddı. Digər tərəfdən, apreldə Bakıda keçirilən əsas mərhələnin oyunlarında Bosniya və Hersoqovina, Macarıstan və Albaniyanı üstələyən yığmanın uğuruna Biro Jade imza atıb.

 

Miltinyonun çətin vəziyyətdə atıb getdiyi komandanı təhvil alıb 2-3 aya AÇ-yə hazırlayan və uğura imza ataraq qrup qalibi kimi finala vəsiqə qazanan Birodan imtina etmək üçün ciddi səbəb olmalıdı. Futzal Federasiyasının prezidenti Zaur Axundov isə hər fürsətdə “yeni məşqçi axtarırıq” deyir. Hələ Bakıdakı qrup oyunlarından sonra bu haqda açıqlama verən Zaur bəylə AFFA-nın baş katibi Elxan Məmmədovun fikirləri arasında ziddiyyət olduğunu da diqqətə çatdırmışdıq.

 

Düşünmək olardı ki, Axundov məlum açıqlamanı “isti baş”la verib və nəticələri təhlil etdikdən sonra gənc mütəxəssisə daha bir şans tanıyacaq. Ancaq İcraiyyə Komitəsinin üzvü “Nuh deyir, peyğəmbər demir”: “Miltinyonun gedişi gözlənilməz olmuşdu və buna görə qışda risk etməyib komandanı Biro Jadeyə etibar etmişdik. O isə yığmanın səviyyəsini qoruyub saxlaya bildi və futzalçıları formadan düşməyə qoymadı.

 

Nəticədə birinci yeri tutub 5-ci dəfə AÇ-nin final mərhələsinə vəsiqəni əldə etdik. Komanda hazırda istirahətdədi. İyulun əvvəlində həm milli, həm də “Araz” bir araya gələcək. Çünki həm Çempionlar Liqasına, həm də AÇ-yə hazırlaşmaq lazımdı. Baş məşqçi məsələsini isə qısa müddətdə həll etməyə çalışırıq. Biro Jade ilə də danışırıq, siyahıda digər məşqçilər də var. Siyahımızda olanlar yeni məşqçilərdi. Ad açıqlamaq istəmirəm, bu, sirrdi.

 

Amma köhnə baş məşqçilərdən də kiminləsə danışa bilərik. Hər halda, yaxın günlərdə bu məsələni yekunlaşdıracağıq. Biro Jadenin baş məşqçi kimi təcrübəsi azdı. Ona məsləhət gördük ki, PRO kurslarında iştirak etsin. Düşünürəm ki, ona bir neçə il köməkçi kimi işləmək lazımdı. Ondan sonra klubda baş məşqçi kimi işləyə bilər. Bütün bu mərhələləri keçməlidi ki, milli komandanın başına gətirilsin. Gəncdi, istedadı var və gələcəkdə uğurlu ola bilər”. 


Zaur Axundovun Biro Jadenin namizədliyinə ehtiyatlı yanaşması səbəbsiz deyil. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, gənc mütəxəssisi yığmanın düşərgəsində sevməyənlər var. Maraqlıdı ki, Birodan həmyerliləri şikayətçidi. Ölkəsinə yollanan braziliyalı futzalçılar rəhbərliyə belə bir mesaj göndərib: “Biro qalır, ya göndəriləcək? Onu saxlayacaqsızsa, biz özümüzə başqa klub axtaraq”.

 

Braziliyalı futzalçıların həmyerlilərini bəyənməməsinin səbəbini bilmirik, amma rəhbərliyi Bironun xarakteri qane etmir. Futzalçılarla həddən artıq səmimi davranması, onlarla “feysbuk” vasitəsilə əlaqə qurması, ümumiyyətlə, sosial yönümlü biri olması qeyri-ciddi məşqçi obrazı canlandırır. Rəhbərlik isə ciddi, futzalçılarla məsafə saxlamağı bacaran, həmçinin güclü taktiki biliyi və təcrübəsi olan mütəxəssis axtarışındadı.

 

Federasiya başbilənləri düşünür ki, Biro Jade komandanı ələ ala bilmir və bu, AÇ ərəfəsində heyəti formalaşdırarkən problem yaradacaq. Halbuki rəhbərliyin iddiası yığmanı yarımfinalda görməkdi. Zaur Axundov əsas vurğunu “yeni məşqçilər”ə vursa da, federasiyanın Joze Alesio da Silva variantının üzərində daha çox dayandığı məlumdu.

 

Məsələ burasındadı ki, ölkəmizdən səs-küylə ayrılan Alesio ona problem yaratmayan, müqaviləni birtərəfli qaydada pozduğuna görə FİFA-ya şikayət etməyən AFFA-dan razılığını gizlətmir. Tərəfləri yaxınlaşdıran əsas cəhət budu. Yəni braziliyalı mütəxəssis millimizi “urvatsız” şəkildə tərk etsə də, dost münasibətləri davam edir. 

 

Alesionun dönüşü hələ DÇ-dən əvvəl baş tuta bilərdi. Ancaq Qazaxıstan millisi və “Kayrat”la müqaviləni yeniləyən braziliyalı bizimkilərin təklifinə cavab verməmişdi. Qeyri-adi nəsə baş verməsə, baş məşqçi məsələsi qarşıdakı iki həftə ərzində həllini tapmalıdı. Son nöqtəni qoymaq üçün Futzal Federasiyasının prezidenti Zaur Axundovla AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın günlərdə görüşəcəyi bildirilir (Futbol+).

Tarix: 4 İyun 00:24    Oxunub: 458    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.