İslam Oyunları Azərbaycana nə verdi? - Deputatların ŞƏRHİ

 

Milli Məclisin bir sıra deputatları IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıblar. Sportinfo.az xəbər verir ki, millət vəkilləri mayın 23-də Prezident İlham Əliyevin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşünü də təqdir ediblər.


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda yüksək səviyyədə keçirilib. Onun sözlərinə görə, bu oyunlarda Azərbaycan bir daha yüksək təşkilatçılıq qabiliyyətini göstərib:

 

“Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını elə səviyyədə təşkil edib ki, bu oyunları keçirəcək ölkələr Azərbaycan standartına uyğunlaşmağa çalışacaqlar. Bizdən əvvəl İslam Həmrəyliyi Oyunlarını keçirən ölkələr Azərbaycanda oyunların necə yüksək səviyyədə keçirildiyinin şahidi olublar. İnanmıram ki, gələcəkdə hansısa ölkə bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla, bu cür həmrəylik ilə keçirə bilsin. Bu oyunlarda 57 İslam ölkəsinin 54-ü iştirak edib. İndiyə qədər keçirilən İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkənin iştirakı ən yüksək göstəricilərdən biridir”.

 

Deputat qeyd edib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən edib: “Böyük dövlətlərin yüzilliklər boyu keçdiyi yolu Azərbaycan qısa müddətdə keçib və bu gün Azərbaycan Olimpiya Oyunlarının keçirilməsinə də tam hazırdır. Hesab edirəm ki, gələcəkdə belə bir qərar qəbul olunsa, Azərbaycan ən yüksək səviyyədə bunu həyata keçirməyə qadirdir”.

 

S.Novruzov vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarınının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına mühüm töhfə verəcək: “Bu gün Azərbaycana kifayət qədər turistlər gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə dünyada yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar ölkəmizi daha yaxşı tanıyır və turist kimi ölkəmizə üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir”.

 

Deputat İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin də yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri səhnələşdirilmiş formada nümayiş etdirilib”.

 

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa da IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayıb:

"Müasir dövrdə İslam adı ilə xarakterizə olunan coğrafiyada baş verən xaos və digər bu kimi hadisələrin fonunda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin dəyəri daha da artıb. Çünki hazırda bu cür tədbirlərin təhlükəsiz və rahat şəkildə keçirilə biləcəyi İslam ölkələrinin sayı çox azdır”.

 

Deputat qeyd edib ki, Azərbaycan sabit İslam ölkəsidir: “Bu bizim üçün çox sevindirici haldır. Digər tərəfdən isə yarışların uğurla keçirilməsi və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi çox qürurvericidir. Bu gün Azərbaycan dünyaya “sabitlik adası” kimi təqdim olunur. Bu Azərbaycanın bütün maraqlarına tam uyğundur. Eyni zamanda, Prezidentin də söylədiyi kimi, Azərbaycan İslam ölkələri arasında həmrəylik və körpü rolunu oynayır. Təkcə bunun özü Azərbaycan üçün ən vacib tanıtım emblemidir. Bu baxımdan da hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunlarının nəticələri Azərbaycana müsbət töhfələrini yaxın zamanda göstərəcək”.

 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycan və dünya idman tarixinə əhəmiyyətli və yaddaqalan tədbir kimi düşüb:

“Bu oyunların Azərbaycan dövləti və xalqı üçün çox ciddi əhəmiyyəti var. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın güclü siyasi və iqtisadi siyasət aparan dövlət olduğunu nümayiş etdirib. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan dövlətinin və xalqının inkişafı üçün aparılan səylər nəticəsində idman sahəsində də qələbələrimizin sayı ildən-ilə daha da artır. Bütün bunlar isə gözlənilən haldır. Yəni, Azərbaycan dövləti uzun illərdir ki, bu yolu qarşıya məqsəd qoyub. Ona görə də Azərbaycan son illər bütün beynəlxalq idman tədbirlərində böyük nailiyyətlər əldə edir, bir sıra mötəbər tədbirlərə ev sahibliyi edir”.

 

Deputat söyləyib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında bir daha birinci olduğunu sübut edib: “Bütün bu nailiyyətlərin kökündə Azərbaycanda dövləti tərəfindən idmana, insan sağlamlığına və gənclərə olan dəstək siyasəti dayanır. Digər tərəfdən isə Azərbaycan dünyada etibarlı tərəfdaş olduğunu və verdiyi vədlərə sahib çıxdığını artıq sübut edib. Ona görə də bu cür mötəbər tədbirlərə ev sahibliyi etmək Azərbaycana həvalə olunur. Təbii ki, Azərbaycan da ən yüksək səviyyədə bu tədbirləri təşkil edir”.

 

R.Rzayev IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın Birinci xanımı mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradılmışdı. Bu komitənin fəaliyyəti nəticəsində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq yüksək səviyyədə təşkil olunub. Eyni zamanda, ölkə başçısı cənab İlham Əliyevin də bu oyunlara dəstəyi İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasına imkan yaradıb”.

 

Milli Məclisin deputatı Vahid Əhmədov isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün iqtisadi əhəmiyyəti ilə yanaşı, böyük siyasi əhəmiyyətinin də olduğunu söyləyib:

“IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün iqtisadi əhəmiyyətindən daha çox siyasi əhəmiyyəti var. Biz yeni müstəqillik qazanmış dövlətik. Baxın görün, İslam Oyunlarında iştirak etmək üçün 50-dən çox ölkənin idmançıları və xarici turistlər Azərbaycana gəlmişdi. Onların hamısı Azərbaycanla yaxından tanış olublar. Bizim Dağlıq Qarabağ kimi problemimiz var. Təbii ki, Azərbaycana gələn qonaqların bu problemin real səbəbləri ilə də yaxından tanış olmaq imkanı olur”.

 

V.Əhmədov deyib ki, bu cür mötəbər tədbirlərin Azərbaycanda keçirilməsinin əsas səbəbi ölkəmizin sabit və təhlükəsiz olmasıdır: “Yəni, siyasi baxımdan bu tədbirlər Azərbaycan üçün çox vacibdir. İqtisadi baxımdan da bu cür oyunlar Azərbaycana müəyyən gəlir gətirir. Misal üçün, İslam Həmrəyliyi Oyunları üçün 3 milyon manata yaxın bilet satışından gəlir əldə olunub. Bütün bunlar da Azərbaycan kimi kiçik ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Bilirsiniz, bu cür mötəbər beynəlxalq yarışları hər dövlətdə də keçirmirlər. Hansı dövlətlərdə bu cür tədbirlər təşkil olunursa, həmin dövlətlər dünyada tanınır, sabitdir, nüfuz sahibidir və sairə. Hesab edirəm ki, Azərbaycan da bu cür inkişaf edən və sabitliyi ilə dünyada tanınan ölkələrdən biridir”.

 

V.Əhmədov əlavə edib ki, IV İslam HəmrəyliyiOyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri olub: “Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri olub. Bu yarışlara hazırlıq işlərinin həyata keçirilməsində Mehriban xanımın böyük zəhməti var. Ona görə də bu oyunlar yüksək səviyyədə təşkil olunmuşdu” (publika.az).

Tarix: 2 İyun 11:36    Oxunub: 257    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.