Rəşad Sadıqov hara baxır? Təmkini pozulan "Zirə" və ya qaçağın "Nəbi"liyi

Futzal üzrə birinci liqada mövsümə yekun vurulub. "Nəbi" son turda Rəşad Sadıqovun qardaşı Kamran Sadıqovun çalışdırdığı "Qarabağ"ı 5:4 hesabı ilə məğlub edərək, qızıl medalları qazanıb. Aktivinə 86 xal yazan Əhməd Əyyubovun çalışdırdığı "Nəbi" gərgin keçən liderlik mübarizəsində "Baku Fire1"i arxada qoyub. Əsas rəqibi ilə qarşılaşan komandaları stimullaşdıraraq. 

 

Liqanın bombardiri olan Elvin Əlizadə (76 qol) ilk dövrədə "Nəbi"nin heyətində çıxış edib. İkinci dövrədə isə komandanı Təmkin Xəlilzadə öz arxasınca aparıb. Bəli-bəli, səhv eşitmədiz - Təmkin Xəlilzadə! Kor tutduğunu buraxır, o, inadından dönmür ki, dönmur!

 

Yadınızdadısa, ötən mövsümün gedişində xəbər yayaraq, "Zirə"nin bu futbolçusunun "Qatar" formasıyla futzalda tər axıtdığını tirajlamışdıq. Premyer Liqa iştirakçısı özünü o yerə qoymadı, rəsmi açıqlama yaymadı, ancaq öyrəndik ki, Təmkinin kefini buna görə yaman pozub, üstəlik, 1000 manat cərimələyiblər. Qadağa qoyublar, son dəfə xəbərdarlıq ediblər ki, nəbadə ayağın bir də futzal topuna dəysin, özündən küs yoxsa!

 

"Zirə"nin məşvərət-məsləhətçiləri saydığını saysın, görün, bu Təmkin nə sayır! Mətbuatın haqqında yazdığı təriflərdən qoltuqlarının altı şişən, adı "Qarabağ" və "Neftçi" ilə yanaşı hallanan yarımmüdafiəçi növbəti fürsəti əldən verməyib. "Nəbi"dən gələni dəvəti göydə dəyərləndirən Təmkinin burdan ayda nə qədər maaş aldığını bilmirik, çün saymamışıq.

 

Amma hər qələbəyə görə 25-30 manat vermələri "ABU Arena"nı silip-süpürən xadiməçilərə də məlumdu. "Nəbi" əsas rəqiblərinin rəqiblərini stimullaşdıraraq və Təmkini "Zirə"dən "oğurlayaraq" çempionluğu özünə təmin etdi. Kritik qarşılaşmalarda qolların altına imzasını atan Xəlilzadəyə bundan dolayı qızıl medal veriləcəkmi? 

 

Futzal federasiyasından açıqlama, "Zirə"dən araşdırma gözləyirik. Peşəkar status daşıyan futbolçunun futzalın birinci liqasında iştirakının əsasnaməyə uyğun olub-olmamasını, məntiqi izahını verə bilən varsa, çıxsın ortaya. 

 

"Zirə" bu yay ölkəmizi Avropa Liqasında təmsil edəcək. Bu, "qartallar"ın ilkidi. Debütant qitənin ikinci dərəcəli klub turnirinə səylə hazırlaşır. Ayxan Abbasov günün 24 saatı çalışır, qan-tər axıdır, özünü oda-közə vurur. Ki, mübarizə meydanı ilə birinci mərhələdə vidalaşmasınlar.

 

Təmkin bu komandanın önəmli fiquru, vazkeçilməz ismidi. "Zirə"nin AL-na vəsiqə qazanmasına vurduğu qol və verdiyi məhsuldar ötürmələrlə kömək olub. Qulaqlara qurğuşun, birdən parketdə başına bir iş gəlsəydi, hadisədi də, ağır zədə-zad alsaydı, "Zirə" rəhbərliyinə nə söyləyəcəkdi? "Ala-bula boz keçi" şeirini uşaqlıqda məktəbdə əzbərləyən Rəşad Sadıqovin üzünə necə çıxacaq, gözlərinin içinə nə cür baxacaqdı? 


Bunlar onun səhvidi. Təmkinin "Nəbi"nin formasını geyinib-geyinmədiyini "Zirə" rəsmiləri dəqiqləşdirmək istəyirsə, federasiyanın baş katibi Mahmud Sadıqova müraciət edə bilər. Bütün oyun protokolları onda var, əlinin altındadı. Təmkin özünü düşünmür, 3-4 manat artıq qazanmaq naminə karyerasını təhlükəyə atır, bəs Ayxan Abbasovun gözü hara baxır? Bu futbolçu Adil Şükürovu saymırdı, görürdük. İndi onu da saymır? Demək istədiyimiz odu ki, "Zirə"də bir bəndeyi-məxluq tapılmayacaq ki, Təmkini düz yola - futbola çəksin, xəta-bəladan - futzaldan uzaqlaşdırsın? Bu uşaq öz qədrini bilmir, Rəşad Sadıqov sən hara baxırsan onda? 


SEYİD

 

Tarix: 2 İyun 11:00    Oxunub: 1193    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.