Mini - futbolu futzala dəyişən gəncliyimiz (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində növbəti yazısını təqdim edirik.


Mini-futbola olan maraq artıq paytaxtda peşəkar futzal komandalarının və yarışlarının keçirilməsinə vəsilə olur. Bunun nəticəsidir ki, həm ötən il, həm də cari ildə bir sıra futzal çempionatları idmanın bu növünün kütləvi hal almasında başlıca amillərdən biridir.

 

 

Məsələn, bu ilin yanvarın 6-da Bakı şəhərindəki “Abu Arena” idman Kompleksində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş futzal üzrə çempionat başa çatdı. Yarımfinal oyunu Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandaları arasında keçirildi.

 

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası 9:5 hesabı ilə qalib gələrək üçüncü yerin sahibi oldu. Final mərhələsində isə Naxçıvan MR Dövlət Gömrük Komitəsi və Astara Gömrük İdarəsinin komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda 5:2 hesabı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin  komandası qələbə qazanıb. Ölkəmizdə idmanın inkişafı, onun kütləviləşməsinə nail olunması istiqamətində çox mühüm tədbirlərin həyata keçirilməsinin, məqsədyönlü işlərin aparılmasının hər birimiz şahidiyik.

 

Təhsil Nazirliyi də dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılan idmanın yeniyetmə və gənclər arasında kütləviliyini artırmaq, onların asudə vaxtlarının daha səmərəli və mənalı keçirmələri üçün bu sahəyə xüsusi diqqət ayırır. İdmanla bağlı bir çox təşkilatlarla əməkdaşlıq edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər, reallaşdırdığı tədbirlər olduqca təqdirəlayiqdir. Nazirliyin Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi ilə yaratdığı sıx işgüzar əlaqələr məhz bu baxımdan xüsusilə fərqlənir. 

 


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının bir strukturu kimi 2008-ci ildə yaradılan Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi tələbələr arasında futbolun kütləviliyini artırmaq, onun inkişafına dəstək vermək, daha çox komandaların çempionatlarda iştirakını təşkil etmək, tələbə futbol yığma komandalarının formalaşdırılması və yarışların yüksək səviyyədə keçirilməsi, eyni zamanda bu komandaların beynəlxalq səviyyədə keçirilən yarışlarda iştirakını təmin etmək istiqamətində bir sıra işlər görür. 


ATFF İB yaranandan tələbələr arasında futbolun təbliği ilə əlaqədar ancaq böyük futbolun çempionatları keçirilirdi və iştirak edən komandaların sayı 30-a çatmırdı. 2015-ci ilin may ayında ATFF İB -nin İcraiyyə Komitəsinin yeni tərkibinin və Federasiyanın prezidentinin seçilməsindən sonra bu qurumun fəaliyyətində canlanma hiss olunmağa başlandı.

 

2016-2020-ci illərdə ATFF İB-nin inkişaf konsepsiyası və fəaliyyət planı təsdiq edildi. Bu sənədlərin əsas məqsədi ölkəmizdə futbol idman növünün ali və orta ixtisas məktəblərində hərtərəfli inkişafına nail olmaqdır. ATFF İB -nin futbolun inkişafı, onun kütləviliyini daha da artırmaq, əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlərdən biri də bu il respublikamızda tələbələr arasında ilk dəfə olaraq futzal üzrə Respublika birinciliyinin keçirilməsi oldu.

 

 

Bununla əlaqədar əsasnamə hazırlanaraq təsdiq edildi və bu yarışın daha mütəşəkkil keçirilməsi və daha çox tələbə komandaların cəlbinə nail olmaq üçün ciddi hazırlıq işlərinə start verildi. AFFA, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Təhsil, Gənclər və idman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilən futzal üzrə Respublika birinciliyində ali təhsil ocaqları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirak etməsi də tətbiq edilən yeniliklərdəndir.

 

Onu da qeyd edək ki, 2016-cı il aprelin 18-də Bakı İdman Sarayında təhsil nazirinin müavinlərinin, AFFA prezidenti Rövnəq Abdullayevin, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin, Gənclər və İdman Nazirliyinin, Futzal Futbol Federasiyasının nümayəndələrinin, eləcə də ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Respublika birinciliyinin açılış mərasimi özünün möhtəşəmliyi ilə təhsil ictimaiyyəti, eləcə də idmansevərlər üçün əlamətdar bir hadisəyə çevrildi. 


40 komanda üzrə 800-ə yaxın tələbənin qatıldığı nüfuzlu yarışda demək olar ki, respublikanın bütün bölgələri əhatə olunmuşdu. Yarışlarda I, II, III, IV yerləri tutan komandalar AFFA-nın, Təhsil Nazirliyinin, Futzal Federasiyasının, ATFF İB-nin müvafiq diplomları, kuboklar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Bundan başqa, futzal birinciliyində fərqlənən 5 tələbə futbolçunun da xüsusi mükafatlarla təltif olunması nəzərdə tutulur. Qalib komanda beynəlxalq yarışlara cəlb olunacaq. 


Ümidvarıq ki, ilk dəfə olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin keçirilməsinin özünün genişmiqyaslılığı, mütəşəkkilliyi, eyni zamanda ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə ən yaddaqalan hadisələrdən biri kimi daxil olacaq.


"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 

 

Tarix: 1 İyun 00:24    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.