"Neftçi"nin pulu var, Elxan Abdullayevin hörməti yoxdu

"Neftçi" qış fasiləsində "açılım" edib. Elxan Abdullayev gecə-gündüz yatmır, "Yola salma" mərasiminin rəsmi hissəsini demək olar başa vurub. Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak və Vançe Şikovla noyabr-dekabr aylarında sağollaşan baş məşqçi Jonas Pesallini saxlamaq istəyirdi: yeni müqavilə imzalayacaqdılar. Braziliyalı hücumçu maaş artımında istənilən məbləği əldə etməyincə, özünü və sözünü götürüb, ölkəsinə qayıtdı. Müqavilə müddətini artıran yalnız Boban Baykoviçdi. O da Robert Prosineçkinin "menecerlik büro"sunun təmsilçisidi. 


Gedənlərdən “Səbail”ə icarəyə verilən Eltun Yaqublunun, onsuz da, varlığı ilə yoxluğu bilinmirdi. İtki Elşən Abdullayevin “Qarabağ”a, Araz Abdullayevin "Qəbələ"yə yollanmasıdı. Bakılıların əlini sıxdığı yeni futbolçuların sayı hələlik 5-di, artacağı gözlənilir. Elxan Abdullayevin dediyinə görə, daha 2-3 nəfər yoldadı. Təzələrdən Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə), İqnasio Errera (“İrtış”, Qazaxıstan) və Kirill Petrov ("Olimpik", Ukrayna) legioner limitini doldurmaq məqsədi daşıyırsa, baş məşqçi daxili bazarda bugünədək "bomba" partlatmağa müvəffəq olmayıb.

 

Ağır zədədən dönəndən sonra "Qarabağ"da heç cür möhkəmlənə bilməyən Namiq Ələsgərovu "super transfer" saymağa tələsməməliyik. Görək hələ Namiq "Neftçi"də üst-başını pasdan təmizləyə biləcəkmi..? Şahin Diniyev "Kəpəz"də oyunu Ələsgərovun üzərində qururdu, rəqibin cərimə meydançasına bütün ötürmələr ondan gedirdi. Əks-hücum taktikasına üstünlük verən Diniyev Namiqin sürətinə və keçidlərinə güvənirdi, bu da çox vaxt alınırdı. Qurban Qurbanov "Qarabağ"a kollektiv futbol oynatdığından, o, bir anda irəlit atılıb, bir anda geri qayıdan komandanın önəmli parçası olmağa özündə güc tapmadı. Elxan Abdullayevə baxaq, yeni ildən sonra hansı not(lar) üzərində mahnı bəstələdiyini görüb qiymət verərik. 

 

Vəli Qasımovla sezona start verən "Neftçi"nin böhranı Elxan Abdullayevlə növbəti həftələrdə xeyli dərinləşdi. Premyer Liqada uduzmadıqları rəqib qalmadı. Komanda hər dəfə meydanı başıaşağı tərk edəndən sonra o bildirirdi ki, bu heyəti başqaları yığıb: "Məndən indi nəticə istəməyin. Qış fasiləsindən sonra komandanı yenidən formalaşdıracam, bax onda da mənə nəticələrlə bağlı suallar verərsiz".

 

"Neftçi"nin əzəmətini qaytarmaq 1-2 ayın işi deyil əsla! Baş məşqçi kim olur-olsun! Axır 2 ildə əlcək kimi dəyişən idarəçilər klubu elə günə qoymayıblar ki, bu tezliklə ayağa da qalxsın. Hap-gop edirlər sadəcə. "Neftçi"nin daşını daş üstünə yerli futbolçular qoymalıdı ki, divar legionerlərin hesabına hörülsün. Öncəllk azərbaycanlılara verilməlidi. Qışda normal legioner tapmaq onsuz da çətindi, yaxşılarını yayda tapmaq olar. Elxan Abdullayev, təbii ki, layihələndirmənin bu mərhələsindən məlumatlıdı. Ancaq günün acı mənzərəsi ondadı ki, yerlilər yaxasını onun əlinə vermir. 

 

Abdullayev millilərdə ən çox çalışan məşqçidi. 2000-ci illərin əvvəlindən ölkənin gənclər və əsas yığmalarında işləyir. Oyun sayına qalanda ona yaxın gələn yoxdu, birincidi. Şimali İrlandiya ilə oyun günü Belfastda aranın xəlvət olmasından istifadə edib, "İnter"in futbolçularını bir otağa yığmış, qışda "Neftçi"ya keçmələrini istəmişdi. "Qarabağ" və "Qəbələ"nin üzvlərinə açıq-açığına "tilov" atmamışdı. Qurban Qurbanovla Roman Qriqorçukun qorxusundan. Biləcək, Bakıya qayıdar-qayıtmaz, hava limanından şəhərə daxil olmağa macal tapmamış, tutub yanağını dağıdarlar.

 

Öz-özünü əmin edib ki, "İnter"i gürcü çalışdırır, görüşdən xəbər tutsa belə, mənə heç nə eləməz, eləyə bilməz. Lakin "İnter"in şinelini geyinənlərin heç biri "Neftçi"nin darvazasını aralamadı. Ağabala Ramazanov "Qarabağ"la müqavilə bağladı, Səlahət Ağayev, Tərlan Quliyev və Ruslan Abışov qaldı. "Qarabağ" və "Qəbələ"nin ehtiyat skamyasını isidənlər də "Neftçi"nin təklifinə isti yanaşmır.

 

Tərəddüdün "can"ı var, bəli. Hərçənd "ağ-qaralar" fantastik sayıla biləcək müqavilə şərtləri təklif edir, 250-300 min manat verir ilə. Hazırkı vəziyyətdə bu futbolçular məntiqlə "Neftçi"yə "hə" söyləməlidilər. Səbəb sütunu Elxan Abdullayevdi! Hörməti yoxdu! Uğursuzluğa məhkum məşqçinin reputasiyası qaradı, hamını "Nefiçi"dən qaçırır. Azərbaycan balaca ölkədi, Abdullayevi irəli çəkən QÜVVƏnin KİMdən və NƏdən ibarət olması sirr deyil. Həm də məşqçilik keyfiyyətləri çox aşağıdı.

 

Futbolçularla dialoqu acılamaq və sanmaqdan ibarətdi. Nəzəri cəhətdən bilikli olsa da, bildiklərini həyata keçirməyi bacarmır. Praktikada sıfırdı. Vaqif Sadıqovun "dublikat"ıdı. Hər bir futbolçunun arzusu yaxşı pul və nəticə qazanmaqdı. Amma buna da onu inandırmaq lazımdı əvvəlcə. "Neftçi" maliyyədən bol olsa da, "axil dabanı" baş məşqçidi. Təklif edilən məbləğlər futbolçunu şirnikləndirir, di gəl, alacağının zəhərə dönəcəyini gözünün qabağına gətirir, "xoşbəxt gələcək"dən imtina edir. 


Elvin ƏHƏD

Tarix: 8 Yanvar 11:57    Oxunub: 436    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2017
18 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.