Tofiq Heydərov yığma komandaların məşqçilərini seçdi

AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının Məşqçilər Şurasının ilk iclası baş tutub. Sportinfo.az xəbər verir ki, federasiyanın Rəyasət Heyəti üzvlərinin, həmçinin ağır atletlər, məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edilib.

 

İclası AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov aparıblar. Giriş sözü ilə Tofiq Heydərov çıxış edib. O, ötən ayın sonunda keçirilən Hesabat-seçki konfransının nəticələri barədə danışıb, görülən və görüləcək işlər haqqında məlumat verib. Heydərov bildirib ki, bu iclasda yığma komandaların yeni heyəti müəyyən ediləcək və bu proses tam demokratik şəkildə - səsvermə yolu ilə həyata keçiriləcək.

 

Bundan sonra müvafiq yığma komandaların məşqçilərinin arxada qalan 6 ay ərzindəki fəaliyyəti barədə hesabatları dinlənilib. Böyüklərdən ibarət yığma komandalarla bağlı Maksum Xasanov, gənclərdən ibarət komanda ilə bağlı Kərim Kərimli, yeniyetmələrdən ibarə komanda ilə bağlı isə Asif Məmmədov danışıb. Mütəxəssislər gördükləri işlər, əldə edilən uğurlar, həmçinin çatışmazlıqlar haqqında məruzə edib, gələcək planlarını açıqlayıblar.

 

Məşqçilərlə yanaşı, federasiyanın Rəyasət Heyətinin üzvləri - AAAF Holdinqin vitse-prezidenti Fəxri Ağayev, baş katib Rizvan Rəsulov, AAAF Media MMC-nin direktoru Rəşad Əliyev, həmçinin yığma komandaların rəisi Oktay Muxtarov çıxış edərək öz sahələri üzrə hesabatlar verib, işlərin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin operativ həlli, idmançı və məşqçilər üçün ən yaxşı şəraitin qurulması üçün bütün gərəkli - təlim-tərbiyə, intizam, yaşayış, qidalanma, geyim və avadanlıqlarla təminat, yeni zalların qurulması və digər addımların atılmasının vacibliyini vurğuladılar. 

 

Sonra yığma komandaların məşqçilər heyətinin seçilmə prosesi baş tutdu. Səsvermə hüququ olan məşqçi və idmançılar layiq bildikləri mütəxəssisləri öz səsvermə kağızlarında qeyd etdilər. Nəticədə yığma komandaların məşqçiləri aşağıdakı kimi müəyyən edildi:

Əsas yığma
Maksum Xasanov
Elnur Hüseynov
Teymur Əliquliyev

Gənclər yığması
Kərim Kərimli
Anar Qasımov
İdris Nəbiyev

Yeniyetmələr
Asif Məmmədov
Elmar Soltanov
Taleh Hüseynov

 

Əlavə edək ki, qadınlardan ibarət yığmanın məşqçilər heyəti növbəti günlərdə Məşqçilər Şurası tərəfindən müəyyən ediləcək.

Tarix: 8 Yanvar 10:13    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.