AFFA - Premyer Liqanı neyləyirsiz, gedin, qumar oynayın!

Və o gün yetişdi. Aylarda haqqında danışılan, müxtəlif müzakirələr aparılan, fərqli fikirlər səsləndirilən “növbəti mövsümdə premyer-liqada neçə komanda mübarizə aparacaq” sualına aydınlıq gəldi. Məlum oldu ki, vəziyyət başa çatan mövsümdəki kimi olacaq. Yeganə fərq turnir cədvəlində AZAL əvəzinə “Səbail” oxuyacağımızdı. 8 komandalı çempionatın keçirilməsi ilə bağlı verilən qərarın ciddi təəccüblə qarşılandığına qətiyyən inanmıram. Sadəcə, narazılıq yarandı. Bir də insanların içindəki söyüş bazası tam boşaldı.


AFFA prezidenti Rövnəq Abdullayev ötən yay səsləndirdiyi “növbəti mövsümdən elitada ən azı 10, imkan olsa, 12 komanda çıxış edəcək” fikri ictimaiyyətin içində böyük inam yaratmışdı. O yaşda, o cür vəzifə sahibi olan kişinin sözünün üstündə duracağını düşünürdü hamı. Yəni AFFA prezidentinin, ölkənin neft sektoruna nəzarət edən birinin yalan danışacağı inandırıcı görünmürdü. Amma danışdı, sözünün üstündə dura bilmədi.

 

Dolayı yolla desək, ümid bəsləyənləri necə lazımdı aldatdı. Kimsə məni, səni “futbola yaxın duran yoxdu, Rövnəq Abdullayev neynəsin” deməklə çaşdıra bilməz. Çünki bu sualın elə suallı cavabı var: gələcəkdə nə olacağını bilmirdisə, niyə vəd verirdi? Ya da, premyer-liqa iştirakçılarının sayının 10-a qalxması üçün nə etdi? Hansı zəhmətə qatıldı, ölkə rəhbərliyi səviyyəsində hansı təkliflərdə bulundu? Etmədi, etməyəcək də. Çünki vaxtı yoxdu.  Çünki futbol AFFA-nın başqanının xüsusi həvəs göstərdiyi sahə deyil.

 

Jurnalistlərlə hər söhbətində “azarkeşlər stadionlara gəlmir” deməyə nə var? Adama sual verərlər, azarkeşlərdə həvəs qoymusuz, azarkeşi vecə alırsız? Paytaxt çempionatı keçirib, yığmaya dağıstanlını, türkü, rusu dolduranda futbola baxanda həvəs qalar? Nə qədər ki, futbola birbaşa ölkə prezidenti nəzarət etmir, Rövnəq Abdullayevlə Elxan Məmmədovu ildə bir dəfə yanına çağırıb hesabat tələb etmir, bundan yaxşısına ümid etməyə dəyməz.

 

Ona görə də əsəbləşmək, qışqırmaq, göz yaşı axıtmaq artıqdı. Madam ki, onlar öz bildiyini edir, aşağı dəstədən elitaya yüksələ bilməyənlər də istədiyini etməlidi (Futbol+). 

 

Məsələn, sizin yerinizdə olsaydım (divizionda yarışanlara xitabən), qətiyyən narahat olmazdım. Azərbaycanın günü-gündən çiçəkləndiyi deyilən futbolunun əsl simasını FİFA-da, UEFA-da oturanlara göstərərdim. Necə? Deyək ki, “Turan”ın rəhbəriyəm, məşqçisiyəm, futbolçusuyam. Ağ vərəqi götürüb ölkə futbolunun reallıqları haqda bildiklərimi, gördüklərimi ora həkk edərdim. Sonra da 5-10 manat verib, ingilis dilinə tərcümə etdirib aparardim poçta.

 

Müasir texnologiyanın inkişaf etdiyi vaxtda ünvan tapıb göndərmək nədi ki? Heç nə! Üstünə FİFA-nın ünvanını yazıb, ya Allah, göndərərdim birbaşa dünya futboluna nəzarət edənlərə. Məktubda qeyd edərdim ki, ildə bir dəfə gəlib stadionların açılışlarında iştirak etdiyiniz ölkənin futbolu var ha, biabırçı vəziyyətdədi. AFFA prezidenti oğlunun bekar qalmaması üçün klub yaradır, bunu da ictimaiyyətə bəyan edir. 8 komandalı çempionat keçirilir, onun da 6-sı paytaxt təmsilçisidi.

 

Regionlarda futbolun inkişafı, istedadların üzə çıxması heç kimin vecinə deyil. Sponsorlar bir çox iyrəncliklərə görə futbola yaxın durmaq istəmir. Berlində futbol akademiyası inşa etdirənlərin, Foqtsa, Prosineçkiyə milyonlar verənlərin Tovuza, Zaqatalaya pul ayırmaq niyyəti yoxdu. Bunları ardıcıllıqla, bir az da təfərrüatı ilə yazıb göndərərdim lap “yuxarı”. Görsəm ki, baxan, vecə alan yoxdu, FİFA-da oturanlar da futbola AFFA-dakılar kimi yanaşır, başqa yola əl atardım. 

 

Məsələn, qumara girişərdim. Onsuz da, hamımız eyni dərddəyik, səsimizə səs verən yoxdu. İki-üç klubun rəhbəri ilə çempionat başlamamışdan əvvəl danışığa gedərdim. Oyunun çəkisindən asılı olaraq ilk hissəni 3+, oyunun yekun nəticəsini 6+ gətirərdim. Elə edərdim ki, birinci 45 dəqiqə “2”, ikinci 45 dəqiqə “1” gəlsin. Vəssalam da. Bundan gözəl imkan, bundan yaxşı yaşayış? Hamı qazanırsa, mən niyə qazanmayım? Amma bunu ağılla edərdim, daha “Şərurspor”un futbolçuları kimi yox.

 

Futbolçuya tapşırardım ki, cərimə meydançasında qaydanı pozub penaltiyə səbəbkar olandan sonra sakit dayanmasın, hakimin üstünə hücum çəkib yanlış qərar verdiyini iddia etsin. Futbolçuya tapşırardım ki, cinahda rəqib oyunçuyla yanaşı qaçanda sürətini azaltmasın, sona qədər mübarizə aparsın, son anda büdrəsin. Axır, nə edirlər etsinlər, heç kim şübhələnməsin. Jurnalistlər hiss etməsin, AFFA-dakılar görməsin, FİFA-dakılar eşitməsin. Altdan-altdan, sakit-sakit həm futbol oynadardım, həm pulumu qazanardım.

 

Sübut-zad deyirlər e, vallah, boş şeydi. Dünyanın yarısı oyun alıb-satır, hamı da bilir. Bizimkilərin bədbəxtçiliyi ondadı ki, ağızlarında söz qalmır, hiylə işlətməyin yollarını bilmirlər, nəsə eşidən kimi ayaqları əsir. Sübut edən olsaydılar, “Şərurspor”un, “Rəvan”ın, Cəmşid Məhərrəmovun, Elvin Əliyevin qarşısına konkret fakt qoyardılar. Ona görə də qətiyyən narahat deyiləm. Sizin yerinizdə olsaydım, futbola onlar yanaşan kimi yanaşardım, əsəblərimi korlamazdım. Sizin yerinizdə olsaydım, bu cür fürsəti əldən buraxmazdım, çiçəklənən Azərbaycan futbolunun inkişafına bu şəkildə töhfə verərdim.


Siz Allah, dediklərimi etməyin, ağlınızın ucundan da keçirməyin. Başınızı aşağı salıb futbolunuzu oynayın. Mən bir az risk sevən adamam deyə, belə düşünürəm, belə edərdim. Siz etməyin, onsuz da edən deyilsiz. Onsuz da, avqustda çempionat başlayacaq, yenə əl-ələ verib gərgin mübarizəyə qoşulacaqsız. Gələn il bu vaxt birinci divizionun çempionu “Zaqatala”, ya da “Şəmkir” olacaq, premyer-liqaya “Nəsimi”, ya da “Badamdar” yüksələcək.

 

HƏBİB

Tarix: 19 May 16:36    Oxunub: 1211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.