"Gələn mövsüm 99 faiz güclülər dəstəsində mübarizə aparacağıq"

Futzal üzrə Azərbaycan kubokunun finalında “Neftçi” İK və “Baku Fire” qarşılaşdı. Görüş 7:5 hesabı ilə "neftilər"in xeyrinə başa çatdı. Əslində, görüş bərabər səviyyədə keçdi, birinci dəstədə lider olan "Baku Fire" elitanı təmsil edən rəqibinə heç bir komponentdə uduzmadı.

 

Həlledici oyunun taleyini qapıçı səhvləri və şansızlıq müəyyənləşdirdi. "Baku Fire"nin baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a müsahibəsində həm bu matç, həm də I dəstədəki məqsədləri barədə danışıb, çempionluq titulunu qazanacaqları halda, növbəti mövsümü yüksək liqada kaeçirəcəklərini bildirib.


- Kubokda mübarizəyə özümüzü sınamaq niyyəti ilə qoşulduq. Elə alındı ki, uğurlu çıxış elədik və finaladək gəlib çıxdıq. Müəyyən səbəblərdən finalda istədiyimiz nəticəni ala bilmədik. İndi fikrimizi ölkə çempionatına verməliyik. Hal-hazırda birinci dəstədə liderik. Ən yaxın izləyicimizi 2 xal qabaqlayırıq.  Qarşıda çətin oyunlarımız var, məqsədimiz çempionluqdu. 


"Baku Fire"nin finala qalması mövsümün bəlkə də ən böyük sensasiyasıdı. Heç kim bunu sizin komandanızdan gözləmirdi və yaxşı mənada təəccübləndirməyi bacardız. "Araz" və "Ekol" kimi güclülər dəstəsinin iddialıları mübarizədən kənarda qaldı, "Baku Fire" isə həlledici görüşədək irəlilədi…
- Mən buna təsadüf deməzdim. Finaladək güclülər dəstəsinin 2 klubuna qalib gəldik. Heyətində 3-4 iranlı legioner olan "Yasamal" güclü rəqibdi, bizə çox çətinlik yaratdılar, bununla belə, onları üstələdik. Həm də nəzərə alın ki, birinci və ikinci dəstədə oyunların hər hissəsi 15 dəqiqədən ibarətdi. Kubokda isə limit 20 dəqiqədi. Bu da istər-istəməz uşaqları tez yorur. Biz 15 dəqiqəyə öyrəşmişik. Yarımfinala vəsiqə uğrunda oyunda "Ekol"a 6:2 qalib gəldik. Hamı deyirdi ki, "Baku Fire" uduzacaq, ancaq biz göstərdik ki, komandamız istənilən rəqibə qalib gələ bilər. Yarımfinalda qarşılaşdığımız ADBTİA gənclərdən təşkil olunub, əsas vaxt heç-heçə bitdi. Əlavə edilmiş dəqiqələrdə qollarımızı vurub, finala adladıq.  
 

Kuboku qazanmağa da layiq idiz. Qələbəyə layiq oyun sərgilədiz. Düşünmürsüz ki, məğlubiyyətə səbəb qapıçınızın fərdi səhvləridi?
- İlk hissənin əvvəlində buraxdığımız 3 gözlənilməz top məğlubiyyətin səbəbidi. Bir-iki top olsaydı, arxadan gəlib hesabı bərabərləşdirrər, hətta önə də keçə bilərdik. Üç top o deməkdi ki, uşaqlar artıq dahap çox qaçmalı, daha çox güc sərf etməlidi. Gördüz ki, gücümüz çatmadı fasiləyədək 4 top vurmağa. Mən qapıçımız İlqar Abdulovun üzündən uduzduğumuzu demək istəmirəm. Birinci hissədə çıxartdığı toplar da oldu, buraxdığı qollar da. O, çimərlik futbolu üzrə millidə qapıçılarla məşqçi işləyir. Onlar hər gün günün altında 2 saat məşq edirlər. Buna görə, oyuna çox yorğun çıxmışdı. Abdulov təcrübəli qapıçıdı. Son 2-3 gündə istirahət etsəydi, belə səhvlərə yol verməzdi. 


Birinci dəstənin liderisiz. Bu oyundakı məğlubiyyət çempionatdakı çıxışınıza mənfi təsir etməyəcək ki?
- Biz özümüzü çempion görürük. Sentyabrda başlayan çempionatdı, çoxlu çətin derbi oyunlarımız olub. Mövsümün başa çatmasına artıq 4 tur qalıb. İkinci dövrəyə yazşı başlamışıq. Hələ məğlub olmamışıq. Düşünürəm ki, bu teplə davam etsək, çempion olarıq.
 

"Baku Fire" bir neçə il öncə güclülər dəstəsində çıxış edib. Birinci dəstədə çempion olsaz, komandanızı gələn mövsüm yenidən elitada görə bilərikmi?
- "Bakı Fire" 2003-cü ildə yaradılıb. Bu yolları etap-etap keçmişik. Həvəskarlar Liqasında birinci olub, ikinci dəstəyə vəsiqə qazanmışıq. Burda hamını qabaqlayıb, birinci dəstəyə çıxmışıq. İndi bu yarışı udsaq da, deyərəm ki, gələn mövsüm 99 faiz gücülər dəstəsində mübarizə aparacağıq.

Tarix: 19 May 15:00    Oxunub: 938    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.