UEFA Rəşad Sadıqova qadağa qoydu, əziyyətini yerə vurdu!

Millinin və "Qarabağ"ı kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb. 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.


U-19 Liqasının XXXI turunda ağdamlılar "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. 


"Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edən Rəşad Sadıqov futbol dünyası üçün nadir sayılacaq uğura imza atıb. O, bu mövsüm həm futbolçu, həm də məşqçi kimi Azərbaycan çempionu adını qazanıb. Hər iki yüksək göstəriciyə “Qarabağ”da nail olub. Kapitanı olduğu Ağdam klubunda dalbadal dördüncü dəfə çempionluğunu bayram edən Sadıqov həm də U-19 komandasının baş məşqçisi kimi birinciliyi rəsmiləşdirib.


Maraqlıdı ki, Sadıqov növbəti mövsümdə avrokuboklarda həm futbolçu, həm də məşqçi kimi iştirak edəcək. Bu isə futbol dünyasında az-az rast gəlinən unikal faktlardandı. Sadıqovun futbolçu kimi çıxış etdiyi “Qarabağ” 2017/18 mövsümündə Azərbaycanı Çempionlar Liqası, onun rəhbərlik etdiyi U-19 komandası isə UEFA Gənclər Liqasında (Çempionlar Liqasının anoloqu) təmsil edəcək.


Rəşad Sadıqov adına yazılan bu uğura çox da sevinə bilməyib. UEFA-dan gələn son xəbər əhvalını büsbütün korlayıb. Avropanın baş futbol qurumu payızın əvvəlində start götürəcək turnirə qatılacaq komandaların futbolçularının yaş limitini dəyişib. Belə ki, Gənclər Liqasında yalnız 1999-cu il təvəllüdlü və ondan yuxarı yaş qruplarına daxil oyunçular meydançaya çıxa biləcək.

 

Sadıqov isə bu mövsüm əsasən 1998-ci il təvəllüdlü gənclərə üstünlük verib. UEFA-nın qərarı gənc mütəxəssisi çıxılmaz vəziyyətə salıb. Axı o, bundan sonra komandanın heyətini qısa müddətdə dəyişməli. Təkrar seleksiya aparmalı, komplektləşmə prosesini yayın ortasınadək başa çatdırmalıdı.

 

Dərd bununla bitmir. Mövcud kollektivi yaratmağa böyük məbləğdə vəsait və əmək sərf olunub. Həm klub rəhbərliyi, həm də Sadıqov öz cibindən pul xərcləyib. Gedən yalnız bu deyil axı. İlboyu bir yerdə oynayan, tədricən sistemə oturan və bir-birinə öyrəşən futbolçular indi kənarda qalır, onların yerini daha təcrübəsiz gənclər tutur. Qarşıdakı 3-4 ayda keçiriləcək toplanış və yoxlama görüşləri yaranan boşluğu doldurmayacaq. Rəsmi oyunların effekti başqadı, onu nəyləsə sığortalamaq qeyri-mümkündü. 


"Qarabağ" sözügedən turnirdə ölkəmizi təmsil edəcək 3-cü klubdu. Ağdam komandasından öncə "Rəvan" və "Qəbələ" bu yarışda mübarizə aparıb. Hər iki halda ruslar yolumuzu ilk mərhələdə kəsib. Moskva "Spartak"ı "Rəvan"ı (4:0), "Dinamo" isə "Qəbələ"ni (2:0, 5:0) üstələyib. Rəşad Sadıqov üçün gərək dua edək. Növbəti biabırçılıq onun passivinə yazılmasın deyə…


SPORTİNFO.AZ

Tarix: 19 May 14:12    Oxunub: 1489    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.