Ruslanın 1 gülləsinin dəyəri qədər dəyəri olmayan klublarımız

Bizi qatıldığı dünya və Avropa çempionatlarında gülləsinin hədəfdən daim yan keçməsinə alışdıran Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4 qızıl medal qazanıb. Snayperimiz 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açma yarışlarında hamıdan yaxşı olub.


Ruslan bu qızıl medallara görə 600 min manat mükafat qazanıb. Belə ki, mayın 11-də İslamiadada uğur qazanmış idmançıların mükafatlandırılması ilə bağlı sərəncam imzalanıb. Həmin sərəncama görə birinci yeri tutanlara 100 min manat mükafat veriləcək. Milli Olimpiya Komitəsi isə qızıl medalçılara 50 min manat verəcək.


Beləliklə, hər qızıla görə 150 min manat alacaq Ruslanın qazancı 600 min manat olacaq. Onun ailəsi isə 300 min manat qazanıb. Axı məşqçiləri öz valideynləridi. Dövlət hər çempionun məşqçisinə 50, MOK 25 min manat mükafat verəcək. Hər "qızıl"ın 75 min manata başa gəldiyini nəzərə alsaq, onlar 300 min əldə edəcək. Beləliklə, Lunyovlar ailəsi İslamiadadan 900 min manat qazanacaq.


Adamın gərək bəxti olsun, şansı da yanında gəzdirsin. Başqa əlacı yoxdu, qazanmaq istəyən idmançı belə fürsətləri qaçırmamalıdı. Hazırkı iqtisadi reallıq Lunyovlar ailəsini "bəxtəvər" adlandırmağı tələb edir. Kimdə var bu pul? İndi kim qazanır 900 mini?

 

Böyük şirkətlər, tikinti maqnatları, zavod-fabrik sahibləri bu gün həmin pulun yarısının yarısını qazanmır. Çoxu ziyana işləyir. Vəziyyət hələlik belədi, dözmək və səbr etmək gərəkdi. 


Ruslanın ailəsinə qazandırdığı pul halal xoşu olsun! Bir qəpyində kimsənin gözü qalmasın. Özünə əziyyət verib, bəxti üzünə gülüb, 900 mini əldə edib. Dörd güllə ilə qızılları üst-üstə toplayan Ruslana əldə etdiklərini əldə bərk saxlasın, çox gözə görünməsin.


Bu pula göz dikən, ehtiyacı olan çoxdu. İşə bir bax, Lenyovlar ailəsinin bir həftəlik gəliri Premyer Liqamızda mübarizə aparan "Kəpəz, "Sumqayıt" və "Səbail"in illik büdcəsinə bərabərdi. AZAL həmin məbləğlə 5 il daha yaşayardı. I Divizionda qurdalanan 14 klubdan 10-nun 10 aylıq məsrəfi bundan qat-qat aşağıdı.

 

Aşağı dəstədə çempion olan "Turan Tovuz" 500 min manat tapmadı ki, uzun fasilədən sonra Premyer Liqaya dönüşünü qeyd eləsin. "Zaqatala", "Ağsu", "Şəmkir" və digərləri də həmçinin. Ruslanın bir gülləsinin dəydiyi nöqtə qədər dəyərsiz bu klublar əyaləti təmsil edir. AFFA rəhbərliyinə lazım olmayan, Premyer Liqaya layiq bilmədiyi, hər yay qapıdan qovduğu əyaləti.  


MUSA

 

Tarix: 19 May 12:24    Oxunub: 309    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.