Azərbaycan Prezidenti final görüşünə baxdı - İslamiada boksu

IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları başa çatıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.


İslamiadada boks üzrə Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yazdırıb. Həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.


Qalib idmançılara medalları dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
İslamiadada Azərbaycanın 55-ci qızıl medalını boks yarışlarında 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov qazanıb. T.Məmmədov həlledici görüşdə türkiyəli Burak Akşinə 3:2 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamda layiq görülüblər.


Azərbaycan millisinin aktivinə üçüncü qızıl medalı Məhəmmədrəsul Məcidov yazdırıb. 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı 4:1 hesabı ilə məğlub edib. Bu çəki dərəcəsində bürünc medallara mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş sahib olublar.

 

69 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub. İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə görüşdən məğlub ayrılıb. Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər.

 

Olimpiya mükafatçısı Kamran Şahsuvarlı (75 kq) finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə rinqə çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı məğlub olaraq ikinci yeri tutub. Bu çəki dərəcəsində bürünc medallara kamerunlu Vilfred Dieudonne Seyi Ntsenue və mərakeşli Youness Qarroumi sahib olublar.

 

Boks komandamızın aktivinə üçüncü gümüş medalı Rauf Rəhimov (81 kq) yazdırıb. Qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gələn R.Rəhimov məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ bu yarışda bürünc medallara layiq görülüblər. 

 

Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb. Beləliklə, Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar.

Tarix: 19 May 09:00    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.