Zaur Axundovun özünə yaraşdırmadığı final barədə…

"ABU Arena"da futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirildi. Qarşılaşmadan əvvəl ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Neftçi” İK və “Araz” komandasının üzvlərinə təqdim edildi.

 

 Çempionatın ən yaxşı baş məşqçisi İlqar Aslanov, ən yaxşı oyunçusu Namiq Məmmədkərimov (EKOL), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçildi. Mövsüm ərzində 56 qol vuran “Araz”ın hücumçusu Teles Martins Tyaqo ölkə çempionatının bombardiri elan olundu. Komandalara diplom, medalları və kuboku beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim elədi.

 

Final oyununda isə “Neftçi” İK və “Baku Fire” qarşılaşdı. Görüş 7:5 hesabı ilə “Neftçi” İK-nın xeyrinə başa çatıb. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. “Baku Fire”nin kapitanı Nicat Qafarlı final matçının ən yaxşı oyunçusu seçildi. Mükafatları futzal federasiyasının baş katibi Mahmud Sadıqov təqdim etdi.

 

***
Öncə ordan başlayaq ki, Azərbaycan Futzal Federasiyası öz üzərinə düşən və görməli olduğu işin öhdəsindən qətiyyən gəlmədi. Federasiya prezidenti Zaur Axundovu arenada nə qədər axtarsaq da, "gördüm" deyən olmadı onu. Sanki yağlı əppəyə dönüb qeybə çəkilmişdi və bu final görüşünün ona heç bir dəxli, aidiyyatı yox idi. "Araz" final olsaydı, sözsüz, hamıdan, hətta kompleksin işçilərindən qabaq kəsdirərdi buraları.

 

Harda olduğu, nə iş gördüyü bilinməyən Axundovun yoxluğunda federasiyanın digər rəsmiləri "ABU Arena"da başıpozuqluq yaratmışdı. Nəyəsə nəzarət yox idi, kim nə istəyirdi, onu da edirdi. Rəhbər şəxslərə palto tutmaqdan savayı özünə bir məşğuliyyət tapmayan Asim Xudiyev yenə qulaqlarını sallayaraq, yerində oturmuşdu.

 

Bu necə təşkilatçılıqdı ki, finalçılardan birinə paltardəyişmə otağı ayrılır, birinə yox? Federasiya "razdevalka"nın açarını "Neftçi"yə verdiyindən, "Baku Fire"yə orda yer tapılmadı, komanda üzvləri hamının gözünün qarşısında, tribunada formasını dəyişdi. 


Oyundan öncə keçirilən mükafatlandırma mərasimi "yola verildi". AFF rəsmiləri törənə hazırlaşmamışdı, heç bu barədə fikirləşməmişdilər də. Sanki bura candərdi yığışmışdılar, adicə mikrafon da tapıb gətirməmişdilər ki, laureatların adını  tribunadakılar eşitsin.

 

Azarkeşlərdən söz düşmüşkən, "ABU Arena"ya 300-dən artıq tamaşaçı toplaşmışdı və onların mütləq əksəriyyəti futzalçıların öz qohum-əqrabaları, digər komandaların üzvləri idi. Başqa kimsə gözə dəymədi. AFFA və futzal federasiyası finala əlavə rəng qata bilərdilər, maraqlarında olmadı. "CBC Sport"un kameralarını burda quraşdırmaq belə çətin məsələdi? Futzalın həlledici qarşılaşmasına bu cür biganəlik hardan, niyə qaynaqlanır? 

 

Aidiyyatlı qurum və şəxslər millətin bu idman növündən xəbər tutmasını, xəbərdar olmasını, maraq göstərməsini istəmirmi? Belə görünür. Arenanı tam doldurmaq, oyunöncəsi maraqlı tədbir fikirləşmək əziyyətdi yəni?

 

Axundov bir yerdə "məni futzal klubları, ölkə çempionatı yox, yalnız milli maraqlandırır" deyib və bunu eşidən hər kəs federasiya prezidentinin zarafat etdiyini güman edirdi. Ta dünən saat 22:00-dək! Zaur bəy yalan demirmiş, sözün düzünü söyləyirmiş…


Finalın hər iki iştirakçısı o kuboku başı üzərinə qaldırmağa layiq oyun sərgilədi. Birinci dəstədə lider olan "Baku Fire" elitada mövsümü 2-ci yerdə başa vuran güclü rəqibindən heç nədə geri qalmadı. Başabaş mübarizə apardı. İlk hissədə qapılarında 4 top görsələr və fasiləyədək bunun yalnız 1-nin əvəzini çıxsalar da, əslində, daha çox qol vəziyyəti yaradan tərəf onlar idi.

 

Sadəcə, tələskənlik, bəxtsizlik və ayrıca qeyd edək ki, Elnur Zamanovun "çərçivə"də əjdahaya dönməsi aşağı dəstə komandasının önünü kəsdi. Bu yanda isə əksinə - İlqar Abdulov olduqca inamsız təsir bağışlaması "Neftçi"nin işini çox asanlaşdırdı. "Baku Fire"nin kiperi günündə deyildi və bu, komanda yoldaşlarının qələbəyə inamını azaltdı. Konkret desək, 4 qol Abdulovun kobud səhvinin nəticəsi idi. Bununla belə, ikinci hissədə də alqışalayiq mübarizə ilə diqqət çəkdilər. Son saniyəyədək irəli atılıb, əzmkarlığın bəhrəsini 4 qolla gördülər. 

 

SPORTİNFO.AZ

Tarix: 18 May 21:24    Oxunub: 997    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.