"Xəzər Lənkəran"ın gələcəyi Rövnəq Abdullayevin əlindədi?

Türkiyədə yaşayan tanınmış iş adamı, “Palmali” şirkətlər qrupunun və "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov son günlər yenə Azərbaycan mediasının gündəmindədi. Az qala müflis olduğu, biznesinin əhəmiyyətli hissəsini satdığı, hətta səhmlərinin SOCAR-ın girovunda olduğu barədə iddialar dolaşan biznesmen Türkiyə mediasına müsahibəsində maraqlı faktlar açıqlayıb.


Mediada dolaşan bu müsahibədə ən maraqlı məqamlardan biri milyarderin Azərbaycan brendi SOCAR-la bağlı dedikləridi. Müxbirin “SOCAR-la niyə ortaq olmaq istəmədiz" sualına Mənsimovun cavabı belə olub: “Təəssüflər olsun ki, SOCAR-la iş tərzimiz bir-birinə uyğun gəlmədi. Baxışlarımız fərqli olduğu üçün və o vaxt gündəmdə olan iqtisadi vəziyyəti dəyərləndirərkən də fikir ayrılıqları oldu.

 

Bildiyiniz kimi, “Palmali” 20 ildi fəaliyyət göstərən bir şirkətdi və açıldığı gündən beynəlxalq iş təcrübəsinə sahibdi. Sektorda əldə etdiyi məlumat və təcrübə sayəsində bu il “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. Həmişə olduğu kimi bundan sonra da daha peşəkar, dünya səviyyəli böyük şirkətlərlə əməkdaşlıq etməyə hazırıq. İllərin verdiyi təcrübəyə və komandama güvənirəm".

 

M.Mənsimov “iş tərzimiz” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Amma məlum idi ki, SOCAR rəsmi adı “Palmali International Holding Co Ltd”yə 2015-ci ildə 120 mln. ABŞ dolları məbləğində kredit vermişdi. SOCAR-ın açıqladığı maliyyə hesabatında bildirilirdi ki, kreditin müddəti 31 dekabr 2021-ci il tarixində başa çatacaq. Kredit illik 4,5% dərəcəsi ilə ayrılmışdı. Müqavilənin şərtlərinə əsasən, əsas və faiz məbləği hər rüb ödənilməli idi.

 

Bildirilirdi ki, “Palmali” kredit müqaviləsinin yerinə yetirilməsinin təminatı kimi 514 ümumi təsdiqlənmiş və buraxılmış səhmdən 340 səhmi girov da qoyub. Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı “Palmali”nin əldə etdiyi və ya əldə edəcəyi ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq və paylarını SOCAR-ın xeyrinə girov qoymuşdu . Bu girov müqavilələri “Palmali”nin SOCAR qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacağı deyilirdi.


Amma indi məlum olur ki, M.Mənsimovun şirkətinin SOCAR-la “iş tərzi bir-birinə uyğun gəlmədiyi üçün” bu əməkdaşlığa son qoyulub. Azərbaycanlı milyarderin açıqlaması onu deməyə əsas verir ki, “Palmali” səhmlərini SOCAR-ın girovluğundan qurtarıb və kredit borcunu ödəyərək səhmlərini geri alıb. “Palmali”nin sahibi SOCAR-la bərabər “Goldman Sachs” ilə ortaq olmayacağıq" deyərək, ABŞ-ın ən böyük investisiya bankı ilə də əməkdaşlıq etməyəcəklərini deyib.

 

Daha sensasion məqam M.Mənsimovun bundan sonra dedikləridi. “Bir dövlət şirkəti ilə ortaq olmaq istəmirəm. ”Palmali"nin sahibi həmişə Mənsimov olacaq". Həm SOCAR, həm də “Goldman Sachs”la bağlı qəzəbi sezilən milyarderin “Palmali”nin sahibi həmişə mən olacam" deməsi xüsusi diqqət çəkir. Əcəba, bu, kimlərə mesajdr?

 

Belə iddialar hələ öncədən də vardı ki, Azərbaycanda və Rusiyada müəyyən çevrələr “Palmali”ni milyarderin nəzarətindən çıxarmaq və ya səhmlərinin müəyyən hissəsinə sahib olmaq istəyində olublar. Hətta onun Azərbaycandakı biznesi də bu səbəbdən sıxışdırılıb, Rusiya isə “Palmali”nin tankerləri ilə İŞİD-ə neft daşınması iddiası ilə gəmilərinin ölkə dənizlərində hərəkətinə müəyyən maneələr yaradılıb. 


“Goldman Sachs”la bağlı onu deyə bilərik ki, dünyanın ən tanınmış investisiya banklarından biridi. Bank 1869-cu ildə təsis edilib, mənzil-qərargahı Nyu-Yorkda yerləşir. M.Mənsimovun “Goldman Sachs”dan narazılığı da səbəbsiz deyil. Dünyadakı maliyyə krizisi zamanı “Rolling Ston” jurnalı bankı “nəhəng qan içən spruta” bənzətmişdi. M.Mənsimovun bankla ortaq iş görməkdən niyə bu qədər çəkindiyi bu qiymətləndirmədən də aydın görünür. Milyarder onu da deyib ki, 2020-ci ildə Nyu-Yorkda “Palmali”nin səhmlərini açıq şəkildə satışa buraxmaq fikrindədirlər. “Şirkətin 20-30% hissəsini satmağı düşünürük” deyə, o bildirib (YM).


M.Mənsimov müsahibədə şəriklərlə bağlı danışarkən şirkətindən uzaqlaşdırdığı bir adamın adını çəkib – Ələddin Aykaç. XL şefi “onu işdən uzaqlaşdırdıq” deməklə kifayətlənib. İnternet üzərindən araşdırma zamanı belə məlum olur ki, məhz bu adamdan istifadə edərək, “Palmali”nin səhmlərinin ələ keçirilməsi planı varmış. “Palmali Dənizçilik”in baş direktoru vəzifəsində 8 il çalışan və təxminən ilyarım əvvəl işdən kənarlaşdırılan Aykaç direktor olduğu dövrdə “Palmali Dənizçilik” adından iştirak etdiyi tenderlərdə şirkətə zərər verəcək addımlar atıb, bunun nəticəsində tenderlər rəqib şirkətlərin xeyrinə sona çatıb.


Bu gün isə o, SOCAR-ın Türkiyə bürosunun aparıcı simalarından biridi. Neft şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev bir müddət əvvəl söyləmişdi ki, bəzi iş adamları başqa məqsədlərlə, bu və ya digər vasitələrlə dövlətdən təmənna güdərək, klublara sponsorluq edib. Mənsimovun SOCAR haqda son söylədikləri düşünməyə ciddi əsas verir ki, Abdullayevin sözünü o, məhz öz ünvanına götürür.

 

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun İstanbuldan verilən müsahibənin davamını daha kəskin şəkildə gətirməsi, AFFA-nı birbaşa, SOCAR-ı dolayısı ilə suçlaması, son söz əvəzində isə klubun bu tezliklə futbol ailəsinə dönüşünün mümkünsüz olduğunu bildirməsi cəmiyyəti təəssüfləndirməyə bilməz. SOCAR – "Palmali" münasibətlərindəki gərginlik və gərilmə çanağı "Xəzər Lənkəran"ın başında çatladır.

 

Azərbaycan neftindən qazandığı böyük pulların bir hissəsini idmana ayıran Mənsimov şirkətlərarası çəkişmə geniş vüsət alan kimi baza və stadionun qapılarını camiənin üzünə bağladı. Mənsimovla Abdullayevin ilişkilərinin əvvəl soyuması, sonra tamamilə pozulması futboldan başlamayıb. Sıçrama biznesdən futbola olub. 2008-ci ildən AFFA prezidenti olan R.Abdullayev artıq bu postda üçüncü müddətə seçilib. Qeyri-adi hal yaşanmasa, 2020-ci ilədək vəzifədə qalacaq. Hazırkı federasiya başçısının ondan sonrakı prespektivi AVRO-2020-nin 4 oyununun Bakıda necə təşkil olunmasından və millimizin qitə yarışmasına vəsiqə qazanıb-qazanmamasından, ev sahibi kimi qonaqların pişvazına çıxıb-çıxmamasından asılıdı.

 

Hər halda proqnozlar bundan ibarətdi. Abdullayev həmin tarixdə getsə belə, bu, Mənsimovun ondan daha tez, yaxud daha gec futbola qayıdışını şərtləndirmir. "Yuxarı eşalon" tərəfləri barışığa çağırsa, güman eləmirik ki, hər hansı biri bununla razılaşmasın. Bu da olmasa, "Xəzər Lənkəran"ın varlığını Mənsimova yeni iqtisadi rıçaqların verilməsi təmin edə bilər. Adıçəkilən oliqarxın umacağı və gözlədiyi yalnız budu. Qazanc sahəsi olsun, futbol sahəsinə geridönüş həqiqətən 20 dəqiqə içində mümkündü.

 

Neft daşımaçılığında payı azalan Mənsimov inanmır ki, idmanın bu növündə post-Abdullayevin erasının başlamasına az qalıb. Ona görə boş yerə ümid bəsləməklə qalmaq istəmir və İstanbuldan itttihamlar yağdırmaqda davam edir. Hələ bu da dəqiqə deyil ki, R.Abdullayev SOCAR və AFFA-dan ayrılsa, Mənsimova "yuxarı"nın münasibəti necə olacaq. Məsələ o qədər dolaşıqdı ki…


SPORTİNFO.AZ

Tarix: 18 May 13:12    Oxunub: 678    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.