Gecənin xeyrindənsə gündüzün şəri yaxşı deyilmi?

Yazsam onsuz da inanmayacaqsız. Yox, vallah inanmayacaqsız. Yaxşı, belə çox israr edirsizsə yazım da. And olsun FİFA referesi Ramil Diniyevin “Rəvan”- “Xəzər Lənkəran” oyununda elədiyi səhvin əndrabadiliyinə, ötən gün gecə saat ya 4, ya da 5 olardı, təsadüfən AFFA-nın ofisinin qabağından keçirdim. Nə görsəm yaxşıdır?


Gördüm ki, həm AFFA-nın, həm də qonşusu PFL-in bütün otaqlarında işıqlar yanır, mərtəbələrdə də əli sənədli-kağızlı xeyli adam var. Əvvəl-əvvəl bərk həyəcanlandım, bir az sonra təlaş sevinc hissi ilə əvəzləndi. Dedim yəqin möcüzə-filan olub, bizim Premyer Liqamızda iştirak etmək üçün gecə bu vaxtı doqquzuncu komanda tapılıb. Yuxarı mərtəbəyə qalxıb futbol nazirliyimizdə çalışanları ürəkdən təbrik etmək istədim.

 

Sonra fikrimdən daşındım, öz-özümə dedim ki, ay zalım, gecə bu vaxtı əliboş ancaq düşmən qapısını döymək olar. Bəs, hanı sənin “Abşeron” tortun, “Bakı” dönərin, “Xəzər Lənkəran” ləvəngin, “Neftçala” balığın, “Turan-Tovuz” pendirin?

 

Nə isə gördüm ki, yuxarı mərtəbələrə çıxmağın yeri yoxdu, elə ona görə də həyətdə bir az gözlədim. Həyətdə jurnalist marağı mənə güc gəldi, gecənin bu vədəsində işə çağırılan mürgülü sürücülərdən öyrəndim ki, bir neçə gündü AFFA və PFL bu rejimdə çalışır. Yəni buradakılar nə gecə bilirlər, nə gündüz. Bir mahnıda deyildiyi kimi

 

Mən həsəd aparıram
Yatanlara gecələr....
Futbol nazirliyimizin həyətindəki bir gənc mənim bütün suallarımı ətraflı cavablandırdı. Yeri gəlmişkən, bəri başdan deyim ki, həmin cavan nə AFFA-dan, nə də PFL-dən maaş alır. Özü dedi ki, Azərbaycan futbolu ilə dərindən, yəni gecə-gündüz maraqlanır, sonuncu dəfə stadiondan “MKT Araz”la “Karvan”ın oyununu canlı izləyib. Həmsöhbətim dedi ki, qardaş, gecənin bu vədəsində qələbəlik səbəbsiz deyil, AFFA və PFL yeni mövsümə ciddi hazırlaşır. Bəzi maraqlı təkliflər də müzakirə olunur, planlar yazılıb-pozulur.

 

Babalı gecənin o vədəsində AFFA-nın həyətində söhbət elədiyim həmin gəncin boynuna, guya futbol nazirliyimiz yeni mövsümdə Premyer Liqadakı komandaların sayını 10-a çatdırmaq üçün danışıqlar aparır. Bilirsiniz kiminlə? Yazsam onsuz da inanmayacaqsız, vallah inanmayacaqsız. Yox, əgər belə israr edirsizsə yazım da, danışıqlar Fil Dişi Sahili Respublikası ilə aparılır. AFFA və bir az da PFL oradakıları razı sala bilsə, Fil Dişi Sahili Respublikasından iki həvəskar komanda bizim Premyer Liqaya qoşulacaq. Və beləliklə yarış iştirakçılarının sayı düz 10 olacaq.

 

Sonrakı mərhələdə azarkeşlərin yerli çempionata marağının artırılması nəzərdə tutulur. Deyilənə görə, bunun üçün iki variant üzərində daha çox düşünülür. Birinci variantda stadionlarımıza gələn hər bir azarkeşə pulsuz toyuq dönəri verilməsi, ikinci variantda isə həmin dönərə hətta mayonez vurulması söhbəti var. Guya növbəti həftənin bazar ertəsi gecə saat 4:15-də bu variantlardan biri təsdiqlənməlidir.


Bilirəm, daha hansı təkliflərin müzakirəyə çıxarılması sizi yaman maraqlandırır. Futbolumuzun inkişafı ilə bağlı növbəti ideya bilirsiniz nədi? Yazsam onsuz da inanmayacaqsız. Yox, əgər belə israr edirsizsə yazım da. AFFA və bir az da PFL təklif edir ki, yeni mövsümdən Vaqif Cavadov hansı komandanın heyətində meydana çıxsa onun formasının arxasında Cavadov yox, Messi soyadı yazılsın.


Digər bir təklif isə “İnter”lə bağlı gözlənilir. Hə, hə, bizim “İnter”lə. Sponsorsuz qalıb AFFA-ya sığınmağa məcbur olan “İnter”lə. Bu komanda “Şəfa”ya köçəndən sonra şəfa tapmaq əvəzinə daha ağır dərdə düşdü. İndi AFFA-da ürəyi yanan çıxıb, istəyir ki, bu komandanın dərdinə çarə eləsin. Ona görə də taleyini söyə-söyə “İnter”də oynamağa razılıq verən hər bir futbolçuya təzə mövsümdən təmiz italyan soyadı veriləcək.


Gecənin o vədəsində AFFA-nın həyətində görüşdüyüm həmin o gənc baş sındırılan başqa yeniliklər barədə də danışmaq istəyirdi. Lakin möhkəm yuxum gəldiyindən onunla xudahafizləşib getdim yatmağa.


Amma bir məsələ məni yaman narahat edir, milli futbolumuzun başbilənləri bir-birindən belə gözəl, unikal təklifləri niyə ancaq gecələr düşünür? Gecənin xeyrindənsə gündüzün şəri yaxşı deyilmi?

 

Etibar Cəbrayıloğlu
"Het-trik news" qəzeti

Tarix: 18 May 10:12    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.